Siyasət

Azərbaycan ərazi bütövlüyünü tam təmin edib: Sərhədyanı bölgədə dalğalanan Bayraq – ŞƏRH + FOTO

Müstəqilliyin əsas şərti ərazi bütövlüyünün təmini və ona nəzarətdir. Azərbaycan qurudan, havadan və sudan öz sərhədlərini qorumağa qadirdir. Ölkənin sərhədlərini xarici dövlətin hərbçiləri və ya hərbi birləşmələri qorumurlar. Azərbaycan bunu heç arzulamır da. Çünki 70 il öz torpaqlarında yadellilərin fəaliyyətinin acı nəticəsini yaşayıb.

Yeri gəlmişkən, Ermənistanın Türkiyə və İranla sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları mühafizə edir. Habelə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin sərhədlərini qorumaq üçün müxtəlif hərbi birləşmələri Ermənistana dəvət edir.

Aprelin 23-də Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bununla da Azərbaycan ərazi bütövlüyünə nəzarəti tam təmin edib. Ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması Prezident İlham Əliyevin qətiyyətli, ardıcıl siyasətinin nəticəsi və təntənəsidir.

2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyanatın imzalanması ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar zamanı Ermənistan dəhliz yaradılması və 20 km enində ərazinin öz nəzarətində olmasında təkid edib. Ancaq Prezident İlham Əliyevin sərt və barışmaz mövqeyi nəticəsində dəhlizin beş km müəyyən edilməsi, üç il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar Üçtərəfli Bəyanatın 6 və 7-ci maddələrində əksini tapıb.

Azərbaycan daxili imkanları hesabına yeni yolu ilyarıma istifadəyə verib. Ermənistan isə yeddi km yolun tikintisini ləngitməklə yanaşı, ötən ilin avqustunda təxribatlara da əl atmışdı.

Ötən ilin sentyabrında Laçının mərkəzi qansız-qadasız Azərbaycanın nəzarətinə keçib.

Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Dövlət başçısı bu mərasimdəki çıxışında demişdi:

“Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edirlər. Biz şəhidlərimizlə, ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”.

Prezident uğurlara Azərbaycan xalqının birliyi və güclü iradəsi nəticəsində nail olunduğunu vurğulayıb:

“Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir”.

Ermənistan Laçın-Xankəndi yolunun Azərbaycanın nəzarətindən kənarda qalmasından istifadə edərək Qarabağ iqtisadi rayonu ərazisinə silah-sursat daşıyaraq bölgədə qanunsuz hərbi kontingent formalaşdırmağa cəhd göstərib. Bu, azmış kimi Qarabağda ermənilər havadarları ilə birlikdə Azərbaycanın təbii sərvətlərinin talan edərək Laçın yolu ilə Ermənistana çatdırırdılar. Başqa sözlə, ermənilər və havadarları rəsmi Bakının humanist davranışından pis niyyət üçün istifadə ediblər. Ekofəalların Laçın-Xankəndi yolunda etiraz aksiyası ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkdi.

Ermənilər öz qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə Azərbaycana qarşı dünyada kampaniya təşkil edib, təzyiqlər göstərilməsinə nail olmaq istəyirdilər.

Özünü ədalət və azadlıqların müdafiəçisi kimi göstərməyə çalışan xarici mediada Azərbaycana qarşı “Rəsmi Bakı Qarabağda etnik təmizləmə siyasəti həyata keçirir” və s. mövzularda qarayaxma kampaniyası aparılıb.

Lakin heç kim Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi. Ali Baş Komandan Laçın şəhərində Bayrağın ucaldılması mərasimində belələrinin cavabını vermişdi: “Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar”.

Azərbaycan öz haqqını tələb etməkdə davam etdi, hətta Azərbaycan Prezidenti Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək onların nümayəndələrini Bakıya dəvət etdi. Lakin ermənilər saxtakarlıqlarını və müstəqil olmadıqlarını bir daha nümayiş etdirdilər.

Ermənistanla sərhədyanı Laçın-Xankəndi yolunda Bayrağı qaldırmaqla Azərbaycan haqlı olduğunu bir daha sübut etdi. Rəsmi Bakı bununla bir daha ərazi bütövlüyü və suverenliyini qorumaq üçün gücü və imkanlarının mövcudluğunu göstərdi.

“Report” İnformasiya Agentliyi

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,