Bayramı hamı fərqli qarşılayır; bəziləri evində ailəsi ilə, bəziləri dostları ilə, digərləri də bayram günü gəzintiyə çıxmağı seçirlər. Bayram gününü unudulmaz, əyləncəli və xoş qeyd etmək istəyənlərin çoxu isə restoranlara üz tutur. Restoranlardasa bayramqabağı qiymətlər əl yandırır. Restoranlar müştərilərə əsl bayram “sürprizi” etməyi də çox ustalıqla bacarır.
Adi günlərdə təqdim olunan menyulardakı qiymətlər bayram günü İsmayıllının “Orman” restoranında fərqli və şişirdilmiş rəqəmlərlə müşayiət olunur. Yəni bu restoranda bayram axşamları müştərilərə “binqo xidmət” göstərilir. Təbii ki, xüsusi günlərdə bir çox restoran, hotel və iaşə obyektlərində yanlış qiymət siyasətinin həyata keçirilməsi müştərilərin haqlı narazılığına səbəb olur.
Maraqlıdır, niyə bayram və xüsusi günlərdə İsmayıllıda “Orman” restoranının rəhbərləri süni qiymət artımına yol verirlər?


Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında deyib ki, bayram günlərində süni qiymət artımına yol verilməsi kökündən yanlışdır: “Bakıdakı bəzi restoranlar bayram günləri turistlərin və yerli müştərilərin çox olması ilə əlaqədar qiymətlərdə süni qaldırımlar edir. Buna hotellərin nəzdində fəaliyyət göstərən restoranlarda da təsadüf olunur. Bu, səhv tənzimlənmədir. Əslində, qiymətləri süni artırmağa yox, xidmətin keyfiyyətinə fikir verməlidirlər. Menecmentlik, idarəçilik çox səhv yoldadır. Səriştəsiz işlə məşğuldurlar. Ancaq pul barədə fikirləşirlər. Başa düşmürlər ki, menecmentliyin qanunlarından biri odur ki, sən yüksək səviyyədə xidmət göstərərsənsə, turist və qonaq məmnun olarsa, pul özü gələcək. Bayram günlərində də süni qiymət artımları çox olur. Restoranlarda, ictimai iaşə müəssisələrində, hotellərdə turistlərin çox gəlməsinə görə, qiymətləri qaldırmaq anlayışı böyük səhvdir. Bu menecmentliyə, idarəçiliyə zərbə vurur”.
Ekspert bildirib ki, bayram günləri xarici ölkələrə üz tutan yerli müştərilər əslində, süni qiymət artımından baş götürüb gedirlər.
“Götürək yaxın Gürcüstanı. Azərbaycanlı turistlər oradakı qiymətləri görüb Gürcüstana can atırlar. Yerli turistlər görür ki, bayram günləri Bakıda və regionlardakı restoranlar qiymətləri qaldırır, onlar da bilet alıb başqa ölkəyə üz tuturlar.
Əgər qiymət münasib olarsa, yemekler yeni olarsa,süni artım olmazsa, restoran rəhbəri özbaşınalıq etməzsə, hotel menecerləri səriştəli olarsa, yerli insanlar hansısa xarici ölkəyə üz tutmazlar. Təsadüfi adamların hotellərə, restoranlara rəhbərlik etməsi qiymət artımına gətirib çıxarır. Ona görə də, qiymət siyasətinə bir daha baxılmalıdır.
Əgər turist cəlb etmək istəyirlərsə, xidmətin keyfiyyətinə önəm verməlidirlər. O zaman restoranlara üz tutanların sayı çox olacaq. Xüsusilə, bayram günləri restoranlar çox yanlış və xoş olmayan siyasət həyata keçirirlər”.
Dünyanın inkişaf etmiş ölkələrində ən çox ödəniş edilən sahə xidmət sahəsidir. Yəni xidmətin göstərildiyi əmtəənin maya dəyəri məbləğinə yaxın xidmət xərci hesablanır. Xidmətin təqdim edilməsinin komfortu, mədəniyyəti və xoş təəssüratları yüksəkdirsə, ödənilən xidmətin dəyəri də bir o qədər yüksək olur. Lakin qeyd etdiklərimin bizə aidiyyəti yoxdur. Çünki biz, məsələn, restoranlarda kababa – göstərilən xidmət kimi deyil, 1kq ət kimi baxır və qiymətləndiririk. Ona görə də, göstərilən xidmətin qiyməti heç vaxt bizi qane etməyəcək. Vəssalam!
Azərbaycanda bəzi restoran sahibləri əcnəbi müştərilər üçün əlavə menyular hazırlayır. Sahibkarlar bir çox hallarda nəinki əcnəbi müştərilərin, eləcə də yerli vətəndaşların da “cibinə girməyə” çalışırlar.
Bəzi hallarda isə müştəridən canlı musiqinin hesabını da ödəməsi tələb edilir.
İstehlakçıların hüquqları nə üçün pozulur? Müştəri öz cibinə uyğun sifariş verdiyi halda niyə iki və ya üç dəfə artıq pul ödəməlidir? Çıxış yolu həmin restoranları boykot etməkdir, yoxsa nə?
Sahibkarlar başa düşmürlər ki, bu birinci növbədə turizm sektoruna zərbədir. Problem xüsusilə bulvarda fəaliyyət göstərən restoranlarda müşahidə edilir. Təsəsvvür edin ki, restoran sahibləri o qədər harınlayıb ki, dəniz mənzərəsində içildikdə adi çayın qiyməti 20 manat olur, künc masalarda içildikdə isə bir az ucuz təklif olunur. Restoran var ki, müştərinin görünüşünə baxır, xoşu gəlirsə içəri buraxır, əks təqdirdə “yer yoxdur” deyərək içəri buraxmır. Yaxud yanında xanım olmadan bəzi restoranlara girişi qadağan ediblər. Bu hansı qanunda yazılıb? Bunlar istehlakçının hüququnun pozulmasıdır. Bu problemin qarşısının alınması üçün tədbir görülməsə, vətəndaşların hüquqları pozulmağa davam edəcək. Bu gün onların başına gələn haqsızlıq, sabah sizin və bizim də başımıza gələ bilər.
Sakinlərin sözlərinə görə, Yeni ildə restoran və əyləncə mərkəzlərindəki qiymətlər insanı şoka salır: “Hansısa bir restorana gedib Yeni il şənliyini keçirmək üçün 3-4 aylıq maaşımızı yığıb verməliyik. Bu səbəbdən də yeni ildə heç yerə getmir və evdə otururuq”.
Avropa ölkələrində bir qayda olaraq, Yeni il ərəfəsində qiymətlər endirilir. Təxminən iki-üç ay ərzində qiymət endirimi kampaniyaları olur. Azərbaycanda isə çox təəssüf ki, bunun əksini görürük ki, Yeni il ərəfəsi qiymət artımı daha çox Sovet dövründən qalma bir haldır: Sovet dövründə insanlar bayram ərəfəsində bayram keçirmək üçün bir sıra məhsullar alırdılar. Həmin dövrdə məhsullar müəyyən həcmdə istehsal olunduğu üçün bazarda qıtlıq yaranırdı. İndi isə tamam başqa dövrdür. Sadəcə, bu günlərdə sui-istifadə halları baş verir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib ki, bayram ərəfəsində qiymətlər tələbat çoxaldığına görə də qalxır: “Bazar iqtisadiyyatında qiymətlər tələb və təklif əsasında formalaşır. Ona görə də avtomatik olaraq bundan bütün sahələrdə istifadə edirlər. Bu, təbii ki, düzgün hal deyil. Belə bir vəziyyətə hökumətin müvafiq qurumları nəzarət etməlidir. Amma hər halda restoranlarda monitorinq aparılmalıdır. Belə ki, monitiorinq aparmaq yolu ilə qiymət artımının qarşısını almaq olar. Süni surətdə qiymət artımının qarşısını hökumət dolayı metodlardan istifadə etməklə də, məsələn, yarmarkalar təşkil etmək, kampaniyalar keçirməklə də ala bilər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, ölkədə hər bayram ərəfəsində qiymətlərin şişirdilməsi müşahidə olunur. AİB sədri “şişirdilmiş” qiymətlərin restoran biznesində də geniş yer aldığını deyir: “Yeni il bayramı günü şadlıq saraylarında və restoranlarda qiymətlər süni şişirdilir. Düzdür, bayram vaxtı tələb artır. Ona görə də qiymət arta bilər. Tələbat yarananda qıtlıq yaranır. Amma qiymətin bu dərcədə qalxması düzgün deyil. Qiymət 2-3 dəfə arta bilməz”.
Bayram günlərində şənliklərin keçirilməsi ilə bağlı, hətta ən məşhur restoranlardan belə şikayətlər gəlir: “Təəssüf ki, restoranlarda xidmətlə qiymət düz mütənasib deyil”.
İstinad: 24saat.org