“İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağına göstərilən hörmətsizlik hər birimizi məyus edib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Ağırlıqqaldırma Federasiyasının Prezidenti Tələt Ünlü jurnalistlərə müsahibəsində söyləyib.
“Bu yaxınlarda Türkiyədə baş vermiş zəlzələ nəticəsində bir çox vətəndaşımız həlak oldu. Lakin güclü dövlət olan Türkiyə yaralarını sağaltmağa başlayaraq biz idmançıları Ermənistandakı Avropa çempionatına göndərdi. Orada yaşanan xoşagəlməz hadisələrdən sonra azərbaycanlı qardaşlarımızı həmin gün gecə yola salarkən dərin hüzn yaşadıq. Amma idmançılarımız dedilər ki, onlar yoxdurlarsa, biz varıq və əlimizdən gələni etməyə çalışacağıq. “İki dövlət, bir millət inancı” ilə yarışlarda iştirak edərək qızıl medal aldıqda Cansunun onu azərbaycanlı qardaşlarımıza hədiyyə etməsi çox dəyərli addımdır” – deyə T.Ünlü bildirib.