Abşeron Gənclər Şəhərciyində çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsi sökülərək yerində obyekt tikilir. Bu da orada yaşayan sakinlərin haqlı narazılığına səbəb olub. Onların yuxuları “bina bu gün uçar, sabah uçar” düşüncəsi ilə ərşə çəkilib.
Çox uzağa getməyək, elə götürək bu ilin fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələni. 50 mindən çox insanın ölümü ilə nəticələnən əsrin fəlakətində maraqlı detallar ortaya çıxdı. Çoxmərtəbəli yaşayış binalarının birinci mərtəbəsinin divarlarının dağıdılaraq obyekt kimi fəaliyyətə başlaması zəlzələ anında binaların yerlə-yeksan olmasına səbəb olan başlıca amil idi. Amma artıq iş işdən keçmişdi. İnsanlar dağıntılar altından sağ çıxmaq üçün yaşamla ölüm arasında mübarizə aparırdılar. Sakinlər eyni aqibətlə qarşılaşmasınlar deyə, bu kimi qanunsuz tikililərin olmaması üçün mübarizə aparırlar.
Özünü obyekt sahibi kimi təqdim edən Habil Talıbov bildirdi ki, sakinlərin narahatlığı əsassız və yersizdir. Tikilən obyekt market kimi fəaliyyət göstərəcək və ən çox da elə şikayət edənlər bu marketdən faydalanacaqlar.
Deməli, “Qanunla iş görürəm”deyib, sonra da çəkdiyimiz kadrların müəyyən vəsait qarşılığında yayımlanmaması üçün xahişlər edən obyekt sahibi tikintinin tamamlanmasında qərarlı idi. Görünən odur ki, binada yaşayan sakinlərin təhlükəsizliyi onun üçün əhəmiyyətsiz idi. Amma APA TV-nin vətəndaşların şikayəti əsasında Fövqaladə Hallar Nazirliyinə müraciətindən sonra əraziyə baxış keçirildi və lazımi tədbir görüldü.
Bax, beləcə. Kimsə Bağdadada kor xəlifə deyil. Qanun hamı üçün qanundur. Onun aliliyini qəbul etməyənlərin aqibəti isə göz önündədir.