Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti, “Şöhrət” ordenli Ramiz Məlikin müalicəsi ilə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.
Bu barədə “Qafqazinfo”ya nazirlikdən bildirilib.
Məlumata görə, nazirliyin dəstəyi ilə xəstəxanada müalicə alan aktyora xüsusi həkim briqadası xidmət göstərir və müalicəsi sistemli olaraq davam etdirilir. Tibbi prosedura uyğun olaraq kimya-terapiyadan keçən Ramiz Məlikin zəruri dərman vasitələri də Mədəniyyət Nazirliyi tərəfindən təmin olunur.
Qeyd olunur ki, nazirliyin məsul şəxsləri mütəmadi olaraq aktyorla və onun ailə üzvləri, eləcə də müalicə aparan həkimlərlə əlaqə saxlayırlar.
Xatırladaq ki, Xalq artisti bir neçə gün öncə də müalicə aldığı klinikada nazirliyin səlahiyyətli nümayəndələri tərəfindən ziyarət edilmiş və ona lazımi dəstək göstərilmişdi.