Neftçalada evlərin birindən 10 min manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
Daxilin İşlər Nazirliyin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, aprelin 1-dən 15-dək olan müddətdə Neftçala rayonunun Bankə qəsəbəsi ərazisində yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyalarının və avadanlıqlarının oğurlanması barədə rayon polis şöbəsinə məlumat verilib.
Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Davud Babayev və Cavidan Abdullayev əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
D.Babayev və C.Abdullayev dindirilərkən cinayət əməllərini törətdiklərini etiraf edərək, qabaqcadan əlbir olaraq zərərçəkmişə məxsus evə beş dəfə qanunsuz daxil olduqlarını və oradan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurladıqlarını bildiriblər. Qənimətlərin bir qismini dəyərindən ucuz qiymətə satan tanışların əldə etdikləri pulları öz aralarında bölüşdürdükləri müəyyənləşdirilib. Onların oğurladıqları əşya və avadanlıqların bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin istintaq qrupunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. D.Babayevin və C.Abdullayevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.


