AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında çıxarılan qərarlardan biri də “Səbail”in U-17 komandasının baş məşqçisi Yaşar Abuzərovla bağlı oldu. Belə ki, qərara əsasən U-17 Liqasında keçirilən “Neftçi” ilə oyundan sonra “Səbail”in baş məşqçisi cəzalı halda, hissələrarası fasilədə və oyun bitdikdən sonra meydançaya daxil olaraq hakimləri təhqir etdiyi üçün 5 oyun cəzalandırılıb. Maraqlıdır, oyunda nə baş vermişdi? Abuzərovun əsəbləşməsinin və meydana daxil olub hakimləri təhqir etməsinin səbəbi nədir?
Mütəxəssis yaşananlarla bağlı Qaynarinfo-ya danışıb. O, açıqlamasında heç bir təhqirə yol vermədiyini deyib:
“Mən orada heç kimi təhqir etməmişəm. Sadəcə, demişəm ki, “Niyə belə etmisiz?” Yəni, rəqibə simpatiyası olan hakimə etirazımı bildirmişəm. Ötən dəfə texniki zonadakı xətti tapdaladığıma görə sarı vərəqə ilə və bir oyunluq cəza almışdım. Oyun bitəndən sonra meydana daxil olub hakimlərə iradımı bildirmişəm. Amma söyüş söyməmişəm, yalandan yazıblar. Mənim təhqir etdiyimi yazırlarsa, bəs niyə hakimin rəqib komandanın tərəfini tutduğunu demirlər? Hər şey videoda görünür. 100 faiz əminəm ki, hakim rəqib komandaya tərəfkeşlik edirdi. Hansı ki, həmin hakim Birinci Divizionda “Neftçi”nin başqa bir komanda ilə matçında kobud səhvlərə yol vermişdi. Bunu da yazsınlar da”.
Mütəxəssis məsələ ilə bağlı AFFA-ya şikayət ünvanlamaq istədiyini bildirdi:
“Yəqin ki, sabah AFFA-ya gedib şikayətimi bildirəcəyəm. Söyüş söyməmişəm, sadəcə dedim ki, “Niyə uşaqların haqqına girirsən?”