Şəkinin su təchizatı layihəsinə 2000-ci illərdən başlanılıb. 2013-cü ildə layihənin ilkin mərhələsi təhvil verilməli idi. Lakin üzərindən daha 10 il keçməsinə baxmayaraq, tikinti işləri bu gün də davam edir. Bu səbəbdən də şəhərin daxili yollarında bir sıra nöqsanlar mövcuddur. Su anbarları tikilib, artezianlar qazılıb. Şəkinin içməli su təchizatının yenidən qurulması layihəsi çərçivəsində Kiş çayının mənbəyində suötürücü qurğu və magistral kəmərlər və su anbarları inşa olunub.
İndiyə kimi səkkiz su anbarı istifadəyə verilib, daha biri təmir olunur. Növbəti mərhələdə daha üç su anbarının tikintisi nəzərdə tutulur.
Şəhərdə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə Kiş çayının məcrasında 15 yeni subartezian quyusu qazılıb. Lakin hələlik Kiş çayından istifadə olunduğundan sakinlər suyun verilməsində texniki göstəricilərin normalara uyğun gəlmədiyini deyirlər.
Şəhər sakini Bayraməli Məmmədov Bizim.Media-nın yerli bürosuna açıqlamasında qeyd edib ki, su çəkilib, təzyiq də əladır, amma suyun keyfiyyət məsələsində problemlər var.
Dar dalan və döngələr, yeddi istiqamətdə gedən işlər
Hazırda şəhər ərazisində yeddi müxtəlif istiqamətdə tikinti briqadaları iş aparır ki, onlardan da biri şəhərin Abid Əfəndiyev küçəsindədir. Sakinlər, əsasən, yay aylarında kanalizasiya sularının üfunətindən dayana bilmədiklərini, yeni xətlərin çəkilməsi ilə bu problemin aradan qalxacağına ümid bəsləyirlər.
Qədim şəhərin yenidən layihələndirilməsi
Layihənin mühəndislərindən biri Ceyhun Abdullayev görülən işlər barədə məlumat verərkən bildirib ki, ümumilikdə Şəkidə çəkilməsi nəzərdə tutulan 314 km içməli su xəttinin 231 km-lik, 294 km kanalizasiya kollektor xəttinin isə 164 km-lik hissəsi tamamlanıb.
Qeyd olundu ki, yeni tikilən şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılır. Ceyhun Abdullayevin sözlərinə görə, 2023-cü ilin tədbirlər planına uyğun olaraq 16,5 km içməli su, 15,5 km kanalizasiya şəbəkəsinin çəkilişi və 2 400 abonentə ev birləşməsinin verilməsi nəzərdə tutulur.
“2023-cü ilin layihəsinin iyul ayında başa çatdırılması nəzərə tutulur”, – deyən mühəndis onu da diqqətə çatdırıb ki, layihə çərçivəsində tullantı suların təmizlənib kənarlaşdırılması məqsədilə şəhərin kənarında 11 hektarlıq ərazi ayrılıb, ətrafına mühafizə zolağı çəkilib.
Burada sutkada səkkiz min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.
Qeyd edək ki, Şəkidə icra olunan bu layihəyə əsasən, 2035-ilə perspektiv inkişaf nəzərə alınmaqla 80 min sakinin su təchizatı təmin olunacaq.