“Ulu öndər Heydər Əliyev bütün həyatı boyu, dövlət təhlükəsizlik orqanlarında çalışarkən də, Sovet Azərbaycanına rəhbərlik edəndə də, Sovet İttifaqının rəhbərliyində təmsil olunanda da Azərbaycan xalqına xidmət edib, onun hüquqlarını müdafiə edib, xalqın marağını hər şeydən üstün tutub”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamal Cəfərov deyib.
O bildirib ki, Heydər Əliyev gənc yaşlarında dövlət təhlükəsizlik orqanlarında çalışarkən 1937-ci il repressiyasına məruz qalmış minlərlə azərbaycanlını Ali Məhkəmə qarşısında hüquqi reabilitasiya edib.
Deputatın sözlərinə görə, ümummilli lider Heydər Əliyev Azərbaycanın intellektuallarını kənar təzyiqlərdən qoruyub, onların dostu olub.
“Onun dövlət təhlükəsizlik orqanına rəhbərlik etdiyi dövrdə bir nəfər də dissident maddəsi ilə həbs edilməyib, ittiham belə olunmayıb. Çünki əsl dissident Heydər Əliyevin özü olub”, – deyə K.Cəfərov əlavə edib.
Millət vəkilinin sözlərinə görə, ulu öndər illərlə daxilində müstəqil Azərbaycanla bağlı ideyaları bəsləyib, böyüdüb. Onun bildirdiyinə görə, Heydər Əliyev bu gün Qarabağda qazandığımız Böyük Zəfərimizin təməli olan Azərbaycançılıq ideologiyasını bizə tam və bütöv formada təqdim edib.
“Sovet Azərbaycanına rəhbərlik edəndə də xalqa çörək qazanmağı öyrədib, kənd təsərrüfatını, sənayeni inkişaf etdirib, müxtəlif sahələr üzrə milli kadr potensialını yaradıb. Hər an Azərbaycan xalqının yanında olub. Ürəyi azərbaycanlı zəhmətkeşlərlə döyünüb.
Təmsil etdiyim Sabirabad rayonuna yalnız sovet dövründə 12 dəfə səfər edib. Səfərlərinin birində Mirzə Ələkbər Sabir adına məktəbdə son zəngdə iştirak edəndə bildirib ki, bu gün qızı Sevilin də son zəngidir. Heydər Əliyev həmin vaxt bildirib: “Məndən ata kimi xahiş etdi ki, onun son zəngində iştirak edim. Ancaq mən bu gün burada sizinlə birgə olmağı seçdim”.
Heydər Əliyev bu sözləri deyib, bir qədər kövrəlib. Tədbirdə iştirak edən hər kəs onu dəqiqələrlə alqışlayıb, bağrına basıb. Əslində, Əliyev göstərib ki, xalqa xidmət hər şeydən üstündür.
Ulu öndər SSRİ rəhbərliyində təmsil olunanda da bütün azərbaycanlıların hüquqlarının zəmanətçisi olub.
Kremldə onun hakimiyyətdən ədalətsizcəsinə uzaqlaşdırılmasından cəmi iki həftə sonra Qərbdə erməni lobbisi və Qarabağda erməni separatizmi baş qaldıra bildi. Məhz Heydər Əliyev hakimiyyətdə təmsil olunmadığı üçün Ermənistan və Mixail Qorbaçov Qərbi Azərbaycandan soydaşlarımızı deportasiya edə bildilər, ermənilər Sumqayıtda təxribatlar törətdilər”, – deyə Kamal Cəfərov qeyd edib.
O daha sonra əlavə edib:
“Məhz Heydər Əliyev hakimiyyətdə olmadığına görə Azərbaycan xalqının başına 20 Yanvar faciəsi gətirilə bildi. Bu faciədən xalqı qoruya bilməyən ozamankı Azərbaycan hakimiyyəti və Xalq Cəbhəsinin fəalları qaçıb gizlənəndə Heydər Əliyev heç nədən qorxmadan, SSRİ-nin mərkəzində – Moskvada – Azərbaycan xalqının hüquqlarını qorudu və haqq səsini dünyaya çatdırdı.
Ona görə də fəxrlə deyə bilərik ki, Azərbaycan xalqının ən böyük hüquq müdafiəçisi ulu öndər Heydər Əliyevin özü olub.
Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixində verdiyi bəyanat Azərbaycan xalqını ruhlandırdı, meydanlarda baş verən xaotik mitinqləri xalq hərəkatı formatına çevirdi.
Xalq hərəkatının formalaşması Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinin məhsuludur.
Ancaq çox təəssüf ki, həmin dövrdə hakimiyyətdə olan və sonradan hakimiyyəti qəsb edən xəyanətkar ünsürlər təkcə Heydər Əliyevə yox, xalqa mane oldular. Təkcə Heydər Əliyevə yox, xalqa xəyanət etdilər. Hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar, Şuşanı satdılar, Laçını satdılar”.
Millət vəkili söyləyib ki, 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşəndən sonra AXC-Müsavat cütlüyü qorxaqcasına qaçıb gizləndi, fərarilik etdi.
“Bu xainlərə görə Azərbaycan postsovet məkanında yeganə dövlət idi ki, ərazi bütövlüyünü itirdi. Bunların bir illik hakimiyyətdə olduğu müddətdə itirdiklərimizi bərpa etmək ən azı 30 il vaxtımızı aldı.
Biz, gənclər, bu tarixi dəqiq öyrənmişik və korrekt qiymətimizi vermişik. Biz heç vaxt bu satqınları, xainləri və düşmənləri unutmayacağıq və bağışlamayacağıq.
1918-ci ilin mayında Azərbaycan istiqlal bayrağını ucaltdı, müstəqilliyini elan etdi. Bu, tarixi bir hadisə idi. Bu müstəqilliyi elan edən şəxsiyyətlər güclü intellektuallar olublar. Lakin onlar Azərbaycanın istiqlalını cəmi 23 ay qoruyub-saxlaya bildilər. Bəlkə də, elə tarixin kinayəsi idi, elə yenə 23 ay sonra 1993-cü ilin iyun ayında Azərbaycan öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzbəüz idi.
Bu zaman xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Azərbaycanın istiqlal bayrağını o çətin günlərin içərisində ucalara qaldırdı. Başladı bu milləti vaxtın burulğanları içərisində addım-addım irəlilətməyə, müstəqilliyi üç yaşına çatdırdı, beş yaşına çatdırdı, 20-ci əsrdən 21-ci əsrə ötürdü və onu dönməz etdi.
Ona görə də Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində hakimiyyətə qayıdışı müstəqilliyimizin qurtuluşudur.
Heydər Əliyev Azərbaycanın iqtisadi inkişaf xəritəsini, xarici siyasətini, ordu quruculuğu strategiyasını müəyyən etdi.
Onun ən böyük xidmətlərindən biri isə əsasını qoyduğu müstəqil Azərbaycanın uğurlu davamlılığını təmin etmək, Azərbaycanın gələcək Prezidentini hazırlamaq idi”, – deyə o şərh edib.
Parlament üzvü qeyd edib ki, məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz hərb gücünə Qarabağı işğaldan azad etdi, diplomatiya gücünə Laçın, Kəlbəcər və Ağdamı geri qaytardı.
“Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycan tarixdə olmadığı qədər güclü və müstəqildir. Bu gün Prezident İlham Əliyev Avrasiyanın enerji xəritəsini dəyişir.
Bu gün Azərbaycan dünyanın yeni konfiqurasiyasında tərəf tutmağa məcbur edilə bilmir.
Bütün bunlarla yanaşı, İlham Əliyevin yeni inkişaf modelində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında həyata keçirilən bərpa və quruculuq işləri ilə ölkəmizin digər rayonlarında həyata keçirilən infrastruktur layihələri vəhdət təşkil edir.
Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə nəqliyyat dəhlizlərini Azərbaycanın gələcək sərvətinə çevirmək istəyir. O, atası Heydər Əliyev kimi, təkcə Azərbaycanın bu gününü yox, gələcək rifahını da sığortalayır.
Məhz buna görə də Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir, bəxtidir, gələcəyidir. Ona görə də biz gənclər bu irsi göz bəbəyimiz kimi qorumalıyıq, 1987-93-cü illərdəki bəzi “ziyalı” və gənclərin etdiyi xəyanət və səhvləri unutmamalı, daim Heydər Əliyev yolunda irəliləməliyik”.
Deputat sonda gənclərə də müraciət edib:
“Əziz gənclər, Heydər Əliyevçi olmaq siyasi məsələ deyil. Kim ki vətənpərvərdir, o, Heydər Əliyevçidir. Kim ki dövlətçidir, o, Heydər Əliyevçidir. Kim ki şəffaf formada çalışır, o, Heydər Əliyevçidir. Kim ki peşəkar formada çalışır, o, Heydər Əliyevçidir”.