Lənkəran rayonu Cil kənd sakini Əli Əkbərov 30 ildən çoxdur ki, musiqi vallarının toplanması ilə məşğuldur. O, kolleksiyasında çox nadir musiqi vallarını qoruyub saxlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əli Əkbərov Lənkəran Regional Mədəniyyət İdarəsinin Şağlaser kənd Sənətkarlıq evinin işçisidir. 1993-cü ildə Bakı Mədəni Maarif Texnikumunu bitirib. Görkəmli opera ifaçısı Mais Salmanov və unudulmaz aktyor Mikayıl Mirzə onun müəllimləri olublar.
Əli Əkbərov evinin bir otağını Azərbaycanın musiqi sənətkarlarına aid olan musiqi vallarından ibarət kolleksiya ilə bəzəyib. O, bu kolleksiyanı 30 ilə bir araya toplaya bilib.
“Mənim incəsənətə uşaqlıqdan həvəsim olub. Rəhmətlik babamın radiolu patefonu və bir neçə qədim valı var idi. Məndə də meyil buradan yaranmışdı ki, böyüyəndə mütləq öz musiqi arxivimi yaradacağam. İstəyirdim ki, ürəyim istəyən zaman Yavər xanım, Xan Şuşinski, Seyid Şuşinski və Rübabə xanımın mahnılarını dinləyə bilim. Bunun üçün də başladım valları toplamağa və bir də gördüm ki, artıq çoxlu val yığmışam. Musiqi vallarını yığmaqda məqsədim bu valların lentli kasetlərə nisbətən daha çox uzunömürlü olması idi. Musiqi valları 1991-ci ilə kimi istehsal edilib. 1991-ci ildən SSRİ-nin “Melodiya” val istehsal edən firması bütün ölkədə olduğu kimi, Bakıda da öz fəaliyyətini dayandırdı”, – deyə Əli Əkbərov bildirib.
Əli Əkbərov hələ orta məktəbdə oxuduğu illərdən valları yığmağa başlayıb. Onun sözlərinə görə, valların bir hissəsini kənddə tanışlar, qohum-əqrəbalar veriblər:
“Tələbə olanda qrup yoldaşlarım mənim musiqi vallarına olan sevgimi bilib, öz rayonlarından əldə etdikləri valları gətirib hədiyyə edirdilər. Müəllimlərim də mənə val verirdilər. Bakıda musiqi valları satan mağazaları bir-bir gəzib lazım olan valları alırdım. Hazırda kolleksiyamda 1200-ə qədər val var. Valların çoxu orijinaldır. Bunların arasında 1930-cu illərdə Qurban Pirimova, Əhməd Bakıxanova və böyük müğənnimiz Bülbülə məxsus olan, eləcə də 1961-ci ilə kimi çıxan vallar var. Ən yeni vallar isə 1991-ci ildə buraxılıb. Kolleksiyamda ən qədim val isə Cabbar Qaryağdıoğlunun 1905-ci illərdə ifa olunmuş muğamlarından ibarət “plastinka”dır”.
Hazırda Əli Əkbərovun kolleksiyası şəxsi muzey kimi tanınır. Buna görə də onun evini ziyarət edənlər olur.
“Mən bu gün də val toplamaqda davam edirəm və kolleksiyamı genişləndirmək üçün əlimdən nə gəlirsə edirəm. Gördüyünüz bu otaq kiçik arxivə bənzəyir. Çünki bu otaqda Azərbaycanın 100-dən çox görkəmli muğam ifaçısının və müğənnisinin səsləri yazılmış 1200-ə yaxın qrammofon valı toplanıb. Bu vallar Azərbaycan musiqisinin 100 ildən çox tarixini əhatə edir”, – deyə o qeyd edib.
Əli Əkbərov deyir ki, arxivində bir neçə görkəmli sənətkarın ifaları və Azərbaycan xalq rəqsləri də var, onlar heç televiziya və radionun fondunda da yoxdur:
“Xüsusilə Təranə Vəlizadə ilə Eyvaz Həsənovun bir vaxtlar oxuduğu duetlər Azərbaycan televiziyasında və radio dalğalarında, demək olar ki, yoxdur. Bu valları məndən pul ilə almaq istəyənlər çox olsa da, satmamışam. Ona görə satmıram ki, bu xışıltılar arasında səslənən musiqi nümunələrinə qulaq asmaq olduqca ruhumu oxşayır və ondan həzz alıram”.