“Bizim qanunvericilikdə orta ixtisas təhsil pilləsi anlayışı var. Lakin dünyanın heç bir ölkəsində orta ixtisas təhsil pilləsi yoxdur”.
APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış mərasimində deyib.
O bildirib ki, Avropa kvalifikasiyaları çərçivəsində orta ixtisas təhsili ya natamam ali, ya da qısamüddətli ali təhsil adlanır.
“Təbii ki, biz bu faktorları nəzərə almalıyıq. Çünki bu çərçivəni qəbul ediriksə, ilk növbədə kvalifikasiyaların tanınmasına şərait yaratmalı, kvalifikasiyalar üzrə təhsil səviyyələrinin düzgün müəyyənləşdirilməsinə öz müsbət təsirini etməlidir. Ona görə də yanaşmamızı dəqiqləşdirməliyik.
Onu da qeyd edim ki, Milli Məclisdə “Ali təhsil haqqında” Qanun layihəsi müzakirə edilir. Orada maddələrin birində ali təhsilə aid edilən kvalifikasiyalar maddəsi var. Biz həmin maddədə 5-ci səviyyəni ali təhsilə aid edilən kvalifikasiya səviyyəsi kimi müəyyən etmişik. Dünyada da qəbul edilən bir yanaşmadır. Düşünürəm ki, qanun qəbul ediləcəyi halda, ali təhsilin pilləsi kimi orta ixtisas təhsil pilləsi olmayacaq”.