“Xanım özü yaxınlaşdı, tanış oduq, sonra məni ailəsi ilə də tanış etdi. Lakin biz evlənmədik. Birlikdə yaşayırdıq”.
Bu sözləri Lent.az-a müsahibəsi zamanı Xalq artisti Cavan Zeynallı deyib.
Müsahibəni təqdim edirik:
– Cavan bəy, uzun müddətdir görünmürsünüz.
– Xanımım rəhmətə gedəndən sonra bir müddət efirlərə çıxmadım. Artıq yarım il keçdi. Tamaşaçılarım da, jurnalistlər də rahat buraxmadılar, aradılar, axtardılar. Mən də yenidən səhnəyə qayıtmağa qərar verdim
– Xanımınızın ölüm səbəbi nə oldu?
– Zəlidən istifadə edirdi. Boynuna zəli qoymuşdu. Bir də gördüm, yıxıldı. Çatdırdıq xəstəxanaya. İnsult olmuşdu. Həkimlər dedilər, yayda zəli qoymaq olmaz. Ondan olub. Beş ay xəstə yatdı, sonra vəfat etdi. Xilas edə bilmədik.
– Bu yaşda tək qalmaq, yəqin, asan olmaz.
– Bəs necə. 27 il birlikdə yaşamışıq. Çox ağır gəlir. Amma bu barədə danışmaq istəmirəm.
– Bu evlilikdən övladınız olmadı?
– Yox. İstədik, alınmadı. Sonra biz də qəbul etdik. Görünür, belə olmalıymış.
– Bildiyimə görə, sizin bir doğma balanız var. Adı Nataşadır. O haralardadır?
– İndi onun 36 yaşı var. Finlandiyada yaşayır. Mən onun anası ilə Rusiyada tanış olmuşdum. O zaman Moskvada “İnturist” hotelinin ən üst mərtəbəsində restoran var idi. Orada həm piano çalırdım, həm də oxuyurdum. Xanım özü yaxınlaşdı, tanış oduq, sonra məni ailəsi ilə də tanış etdi. Lakin biz evlənmədik. Birlikdə yaşayırdıq. Uşağın doğulacağını da bilmirdim. Bu mənə sürpriz oldu. Mən Bakıya gələndən sonra əlaqələr kəsildi.
– Sonra heç axtarmadınız bir-birinizi?
– Xanımla arabir zəngləşirdik. Bir dəfə bu yaxınlarda qızım zəng vurdu, dedi, “bu mənəm, Bakıya gəlmək istəyirəm”. Mən də dedim ki, Bakıda yoxam.
– Amma Bakıda idiniz?
– Hə. Görüşmək istəmədim.
– Röya xanım qızınızın olduğunu bilirdi?
– Yox, heç vaxt onun varlığından xəbəri olmadı. Onların öz həyatı var idi, mənim öz həyatım. O xanım indi ailə qurub. Qızım fərqli tərbiyə alıb, müstəqil insandır. Bizi bir-birimizə bağlayan nəsə yoxdur.
– Deyirlər, insanın adının onun taleyində rolu var. Adınız Cavandır. Yaş artsa da, ruhunuz cavan qalıb. Pozitivliyinizi itirməmisiniz. Heç arzulamısınız ki, kaş adım Cavan yox, məsələn, Xoşbəxt, Sərvət-filan olaydı?
– Yox. Göz-nəfs var axı. Çox xoşbəxt olanda da göz dəyir adama.
– Gözdəyməyə inanırsınız?
– Əlbəttə.
– Adınız Cavanşir idi, şiri niyə yox elədiniz?
– Biz “Qaya” ansamblının tərkibində SSRİ-nin bütün şəhərlərini, Almaniya, Fransa, Vyetnam, Əfqanıstan, Bolqarıstanı gəzirdik. İyirmi il “Qaya” ansamblında çalışdım. O zaman rus dilində danışmaq dəb idi, belə qəbul edilmişdi. Azərbaycan dilini sonralar öyrəndim. Yaşadığım məhəllədə də hamı rusca danışırdı. Hər ay 38 konsert verməli idik. Evdə tapılmırdıq. Xarici konsertlərdə adımı tələffüz eləmək, əzbərləmək çətin olurdu. Adım çəkiləndə qızlar məndən qaçırdılar. Deyirdim, ay balam, mən özüm şir deyiləm, adım Cavanşirdir. Düşündüm ki, adımı qısaldım. Təqdim ediləndə Cavanşir Zeynallı yox, eləcə Cavan deyirdilər. Ondan sonra problem aradan qalxdı.
– Daha qızlar qaçmadılar? Adınızı qızlara qurban verdiniz?
– Belə alındı (gülür).
– Xanımların diqqəti bu qədər xoşunuza gəlirdi. Pərəstişkarlarınızın çoxluğu ailənizdə problem yaratmırdı?
– Mənə telefon nömrələri verirdilər, cırıb atırdım. Nəyimə lazımdır? Ailəli adam idim.
– “Qaya” ansamblına gəlişiniz necə oldu?
– Ona qədər solo ifa edirdim. “Qaya”nın bir üzvü köçüb getmişdi İsrailə. Bu ansambl axı kvartetdir. Mütləq dörd səs olmalıdır. Dördüncü səsi tapa bilmirdilər deyə qrupun çıxışları dayanmışdı. Həmin ərəfədə Heydər Əliyev mədəniyyət nazirini qəbul edərkən deyib ki, çoxdandır, “Qaya”nın çıxışlarını görmürəm. Bazar günü Lenin Sarayındakı konsertə onları da çağırın. İndiki Heydər Əliyev Sarayı onda Lenin Sarayı idi. Konsertə cəmi dörd gün qalıb. Ansamblın isə bir üzvü yoxdur. O zaman mənim iştirakımı onlara təklif etmişdilər. Biz gecə-gündüz məşq edib konsertə hazırlaşdıq. Beləcə, “Qaya” ilə birlikdə yolçuluğum başladı. “Qaya” möhtəşəm ansambl idi. Sovet respublikaları arasında ən güclü caz ansamblı bizim “Qaya” idi.
– Amma çox adam sizi “Qaya”nın lent yazılarında görməyib. Hətta sizin bu ansamblla işləmədiyinizi iddia edənlər də var.
– Qastrollarda çox olurduq deyə mən qrupa gələndən sonra televiziya üçün çox çəkilişimiz olmadı. Elə deyənlər də, yəqin, paxıllıqdan deyirlər.
– Caza maraq necə yaranmışdı?
– Biz “Azdrama” tərəflərdə yaşayırdıq. Evimizin altında 1 nömrəli musiqi məktəbi vardı. Oradan gələn səslər məni özünə cəlb edirdi. Atamdan xahiş elədim, məni də yazdırsın. İlk dəfə skripka sinfinə yazılmışam. Amma elə arıq, zəif uşaq idim, skripkaya gücüm çatmırdı. Xoşuma gəlmirdi. Vaqif Mustafazadə həmin məktəbdə oxuyurdu. Anası Zivər xanım da orada dərs deyirdi. Mənim Vaqiflə ilk tanışlığım məktəbdə başlayıb. O məndən yaşda böyük idi. Vaqif ifa edəndə gedib gizlin qulaq asardım. Bir dəfə 14 yaşım olardı, dostum dedi ki, qəşəng Amerika filmi gəlib – “Günəşli vadinin serenadası”. Getdim, filmə baxdım. Musiqili film idi və filmdəki caz musiqisi məni sehrlədi. Qaça-qaça evə gəldim ki, o musiqini çalım. Yolda uşaqlar söhbətə tutdular. Melodiyanı unutdum. Bir də qaçdım kinoteatra. Dinlədim, qulağıma pambıq tıxamışdım ki, musiqini unutmayım, gəlim, evdə ifa edim. (Bu yerdə Cavan Zeynallı həmin melodiyanı zümzümə edir) Amerikan cazıyla başladı həvəsim. Sonralar Vaqif Mustafazadə şöhrətlənəndə çox istəyirdim onunla tanış olum. Dəfələrlə qapılarına gedirdim, qapını döyməyə ürəyim gəlmirdi. Axırda bir kələkbazlıq etdim. Getdim evlərinə. İçərişəhərdə yaşayırdılar. Qapını döydüm, dedim ki, mən “Bakı” qəzetindən gəlmişəm, müxbirəm. Vaqifin anası mənə şübhə ilə baxırdı ki, səni haradansa tanıyıram. Tələbəsi olmuşdum axı. Vaqif ev paltarında idi. Suallarıma cavab verdi, sonra mən xahiş elədim, o çalmağa başladı. O nə çalmaq idi… Özündə deyildi sanki. Çox qəribə idi. Bığları da melodiyaya uyğun yuxarı-aşağı tərpənirdi.
– “Bakı” qəzeti haradan ağlınıza gəldi?
– Orada dostum işləyirdi. Müsahibəni aldım. Hazırladım, verdim qəzetə. O yazı mənim imzamla çıxdı. Vaqiflə tanış olmaq üçün müxbirlik də etdim. Qonorar da aldım. Sonralar artıq dostlaşmışdıq. Hərdən deyirdi, “Canik, çal mənim üçün”. Onun qabağında ifa etmək olardı bəyəm?! Vaqif bir dərya idi.
– Cazdan başqa nəyə qulaq asırsınız?
– Klassikaya qulaq asıram. Mən tək caz oxumuram axı. Mahnılarım da var. Toylara, məclislərə gedəndə məni cazmen kimi təqdim etsələr də, mahnı istəyirlər. “Qoca qartal”ı çox sevirlər.
– Bir dəfə elə sizin dilinizdən eşitmişdim. Tenorlardan birinin haqqında demişdiniz ki, bu səslə yazıq olub. Onu toya aparmazlar. Zaman və insanların tələbi dəyişib. Çağırırlar sizi toylara?
– O vaxt başqa idi. Mən “İnturist”də oxuyanda hər axşam evə gəlirdim, ciblərimdən pul tökülürdü. İndi məni çağırırlar, “gəlin, yarım saat çalın” deyirlər. Çox zaman qiymət demirəm. Pula həmişə laqeyd olmuşam. Qonşuda qoca arvadlar vardı, deyirdilər, “pul əl çirkidir”, beynimdə elə qalmışdı. Mən pulun dalınca qaçmamışam. Pul həmişə gəlib özü məni tapırdı.
– Əl çirki deyilsə də, pulsuz yaşanmır axı. Necə dolanırsınız?
– Prezident təqaüdçüsüyəm. Deməyəcəyəm, neçə manatdır. Prezident bir ev verib mənə. Mərkəzdəki evi kirayə vermişəm. Pul elə şeydir ki, onun barəsində çox danışmaq olmaz.
– Sənət adamları ilə qalmaqallarınız olub? Bildiyimə görə, İlhamə xanımla küsülü idiniz.
– İlhamə xanım çətin adam idi. Elə edirdi ki, hamı ondan qorxsun. Sənət adamlarının hamısında olur qəribəlik. Başa düşmək olar.
– Bir zamanlar qadın fanatlarınız çox idi. İndi də var?
– Sevirlər məni. Özləri yaxınlaşırlar mənə. Amma qadınlar… oy, oy… qadınlar, bilirsiniz nədir?
– Deyəsən, qadınlardan qorxursunuz?
– Qadınlar baş bəlasıdır. Ehtiyatlı olmaq lazımdır. Qadının ürəyi qurdlu, paxıl olan kimi mən uzaq qaçıram. Deyirəm, məni bağışlayın, mən getdim.
– İnsan tanıyansınız?
– Həm də necə. Bir az danışan kimi bilirəm necə adamdır. 77 yaşım var. Daha insanları tanımalıyam axı.
– Yenidən ailə qurmağı düşünürsünüz?
– Həyat özü göstərər. Gərək bir az zaman keçsin. Heç nəyi öncədən demək olmur. Bizim o məşhur mahnımızda deyildiyi kimi, “Ey həyat, sən nə qəribəsən?”