Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsinə qoşulan fermerlərin iştirakı ilə Azərbaycan Aqroturizm Assosiasiyası İctimai Birliyinin yaradılmasına dair təsis görüşü keçirilib.
Bu barədə nazirlik məlumat yayıb.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Turizm Assosiasiyasının və turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Azərbaycan Aqroturizm Assosiasiyasının yaradılmasına təşəbbüs göstərən fermerlər tərəfindən “Şəhərdən Kəndə” layihəsinin ölkəmizdə aqroturizmin inkişafındakı böyük rolu və bu layihənin dövlət-özəl sektor əməkdaşlığının uğurlu nümunəsi olduğu vurğulanıb. Natiqlər ölkəmizin aqroturizm potensialı, hazırkı vəziyyət, inkişaf imkanları və gələcək perspektivləri istiqamətində geniş müzakirələr aparıblar.
Tədbirin sonunda Azərbaycan Aqroturizm Assosiasiyasının yaradılmasına dair təsis sənədlərinin imzalanması baş tutub, Assosiasiyanın yaxın gələcəkdəki fəaliyyət planı və hədəfləri açıqlanıb. Səsvermə yolu ilə Assosiasiyanın 9 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və sədr seçilib.