Cəmiyyət

“Müharibə əlilini rəsmi işə götürüblər, amma nə maaş verirlər, nə də iş yerinə buraxırlar” – ŞİKAYƏT + FOTO

“2022-ci ilin noyabr ayında işə başlamağıma baxmayaraq, 2023-cü ilin fevralında razılığım olmadan rəsmi işçi kimi ştata alıblar. Amma nə maaşımı verirlər, nə də iş yerinə buraxırlar. Bu qanunsuzluq Şəki Regional Mədəniyyət İdarəsinin rəhbəri Aqaəli Cəlilovun birbaşa tapşırığı ilə həyata keçirilir”.

Bu sözləri Oxu.Az-a müraciət edən Şəki sakini, rəqs dərnəyinin rəhbəri Nurəli Ramazanov deyib. O qeyd edib ki, əmək müqaviləsi 2024-cü ilin yanvar ayına qədər qüvvədə olsa da, qeyd edilən maaş ona verilmir:

“Əvvəl onu deyim ki, 1-ci və 2-ci Qarabağ müharibələrinin hər ikisinin iştirakçısı olmuşam. Müharibə əliliyəm. Ötən il YAŞAT Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçılarının məşğulluğunun təmin olunması haqqında göstərişlərə əsasən, rəqs dərnəyi yaratmağıma razılıq almışam.

2022-ci ilin noyabr ayından etibarən Mədəniyyət İdarəsinin tabeliyindəki klublarda dərnək rəhbəri kimi fəaliyyətə başlamışam. İdarə ilə razılığımıza əsasən, rəqs dərnəyindən qazanılan pulun yarısı mənə çatmalı idi. Amma məni işə 2022-ci ilin noyabrın 1-dən deyil, 2023-cü il fevralın 1-dən götürüblərmiş. Mən isə heç bir əmək müqaviləsinə, sənədə qol çəkməmişəm. Onlara bildirmişəm ki, işə qəbul tarixim səhvdir, qeyd olunan vaxtdan 3 ay əvvəl işə başlamışam. Buna baxmayaraq, fevraldan rəsmi ştata götürüblər, aylıq 345 manat maaş yazıblar, mənim bunların heç birindən xəbərim yoxdur. İmzam olmadan necə işə götürə biliblər, çox qəribədir.

Bütün bunlar bir tərəfə, tutaq ki, məni fevral ayından ştata alıblar, maaş yazıblar. Bəs o maaş hanı? Mənə nə pul verirlər, nə də dərnəyə buraxırlar. Fevral ayında şikayət yazmışdım. Mədəniyyət naziri ilə görüşmüşdüm, onun tapşırığı ilə məsələ həll edilməli idi. Amma ortada heç nə yoxdur.

Dövlət Əmək Müfəttişliyi Xidmətinə də məktub yazdım. Onlar məsələni araşdırıb, haqlı olduğumu üzə çıxardılar. Müfəttişlik idarəni cərimə etdi. Buna baxmayaraq, mənimlə əlaqədar heç bir addım atılmadı, pulumu yenə vermədilər.

Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi səlahiyyətini müvəqqəti icra edən, eyni zamanda M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru olan Aqaəli Cəlilov tapşırıq verib ki, Nurəli Ramazanovu heç bir klubda görməyim. Klub rəhbərlərini təhdid edib ki, məni içəri buraxan klubu bağlayacaq. Mən işləmişəm, zəhmətimlə pulumu qazanıb, evimə çörəkpulu aparmağa çalışıram. Amma mənə böhtan atırlar ki, guya psixoloji pozğunluğum var. Halbuki əlimdə bu iddiaları da təkzib edən sənədlər mövcuddur. Sadəcə haqqımı tələb edirəm. Mənim işləməyimə icazə verilsin, ödənilməli olan borc, əməkhaqqı təmin olunsun. Əmək müqaviləsi 2024-cü ilin yanvar ayına qədər qüvvədədir. Belə çıxır ki, mənim maaşımı qanunsuz yeyirlər. Bir tərəfdən, müharibə əlillərinin məşğulluğunun təmin edilməsindən danışılırsa, bir tərəfdən də, onların haqqı bu cür tapdalanır. Şikayətimin təmin olunmasını istəyirəm”.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə ünvanladığımız sorğunun cavabında bildirilib ki, Nurəli Ramazanovun şikayəti nazirliyin Daxili nəzarət şöbəsi tərəfindən araşdırılır, nəticələr haqqında əlavə məlumat veriləcək. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər