Mədəniyyət

Rəşid Behbudov Rac Kapuru necə aldatdı: Hindistanlı rejissorun həyatından 10 maraqlı fakt – FOTO

Rac Kapur  – dünya kinosunun ən məşhur simalarından biri, hind kinosunun tacsız kralı, dünyaca məşhur Bollivudun yaradıcılarından biri olub. Özünəməxsus cazibəsi ilə məşhur olan aktyor, rejissor, ssenarist təkcə vətənində deyil, onun hüdudlarından kənarda da sevilib. Aktyorun yaxın dostlarından biri isə əfsanəvi Azərbaycan müğənnisi Rəşid Behbudov olub.

35 il əvvəl dünyasını dəyişən Rac Kapurun anım günündə Oxu.Az onun tərcümeyi-halından ən maraqlı faktları toplayıb.

Rac Kapurun adı Rac deyil

Aktyor 1924-cü ildə Pakistanın Pişəvər şəhərində anadan olub. Onun əsl adı Ranbir olub. Hazırda nəvəsi onun adını daşıyır. Əslində Rac hər üç qardaşın – Ranbir, Şaşi və Şamminin ikinci adı olub. O, Prithviraj və Ramsarni Kapurun altı uşağının (onlardan ikisi uşaqlıqda ölüb) ən böyüyü olub.

Dövrünün ən gənc rejissoru

Rac Kapur ekrana ilk dəfə uşaq ikən “İnqilab” (1935) filmində kiçik bir rol oynayarkən görünüb. Ancaq artıq 1946-cı ildə ilk filmi olan “Alov”u çəkib. Eyni zamanda onun məşhur hind aktrisası Nərgizlə əməkdaşlığı başlayıb.

Rejissor ilk filmdən sonra özünün “RK Films” studiyasını qurub. Sonra Kapurun ikinci filmi “Yağış mövsümü” ekranlara çıxıb.

Rac Kapurun tənəffüs problemi var idi

Rac Kapur ömrünün son illərində astma xəstəliyindən əziyyət çəkib; O, 63 yaşında elə bu xəstəliklə bağlı ağırlaşmalardan vəfat edib.

Deyilənə görə, Kapurun ən yaxın dostu, rejissor Hrişikeş Mukherci dostunu səhhətindəki problemlərə görə itirəcəyi ilə bağlı çox pis yuxular görüb. Bu röyalardan ilhamlanan Hrişikeş “Anand” kult filmini çəkib.

Onun bütün filmləri kommersiya baxımından uğurlu olmayıb

Kapurun 6 ilə çəkdiyi həyatın ən iddialı layihəsi olan “Mənim Adım Kloundur” filmi tamaşaçılar tərəfindən uğur qazanmayıb. Onun gözləntilərinin əksinə olaraq film uğursuzluğa düçar olub, studiyası ciddi itkilərə məruz qalıb. Bu, rejissor üçün böyük şok olub.

Uzun illər sonra film “yanlış anlaşılan klassika” adlandırılıb. Film iki fasilə ilə beş saat davam edir!

Rac Kapur və Rəşid Behbudov dost olublar

Bu iki əfsanəvi şəxsiyyət eyni gündə, dekabrın 14-də dünyaya gəlib və dünya şöhrətinin zirvəsində bir-biri ilə görüşüb. “Avara” filminin cazibəsini yaşayan Rəşid Behbudov Hindistana qastrol səfəri zamanı fürsətdən istifadə edərək Rac Kapurla görüşüb. Onların dostluğu həmin vaxtdan 1988-ci ildə Rac Kapurun ölümünə qədər uzun illər davam edib.

Rac Kapur dəfələrlə Bakıda olub

Azərbaycanın Xalq artisti Barat Şəkinskaya xatirələrində Rac Kapurun 1953 və ya 1954-cü ildə Bakıya Rəşid Behbudovun yanına gəlməsindən danışıb. Onun sözlərinə görə, Kapur Azərbaycan qadınlarına heyran olub və bizim rejissorların onları filmə çəkməyi bilmədiklərini deyib.

Rəşid Behbudov Kapuru aldadıb

Barat Şəkinskaya, həmçinin Racın Bakıda qaldığı müddətdə “Rəşid Behbudovun villası”nı görmək istədiyini deyib. Racın Hindistanda çoxotaqlı dəbdəbəli mənzilində qalan Behbudov isə özünün sadə 2 otaqlı mənzilin göstərmək istəməyib. Rəşid ona evində və villasında təmir olunduğunu deyib.

Rac ikinci dəfə Bakıya gələndə “təmir” hələ davam edib. Üçüncü səfərdə isə Rəşidə nəhayət, Azneftdəki “professor” evində yeddiotaqlı mənzil verilib. Rəşid dostunu ora dəvət edir, Kapur ber neçə gün onun qonağı olur. Onlara bu müddətdə səhər yeməyi, nahar və şam yeməyi yaxınlıqdakı “İnturist”dən gətirilib.

Digər məlumata görə, qonağı təəccübləndirmək üçün Azərbaycan Tarixi Muzeyinin otaqları bir neçə saatlıq Rəşid Behbudovun mənzilinə çevrilib. Amma bunu görən Rac Kapur deyib:

“Dostum, mən elə bilirdim ki, sənin kimi məşhur adam sarayda yaşayır, amma bizim ən primitiv aktyorlarımızın belə evi var”.

Kapur “O olmasın, bu olsun” filminə valeh olub

Bakıda Rac Kapur kinorejissor Hüseyn Seyidzadənin yaradıcılığı ilə tanış olub. Hindistanlı ulduz “O olmasın, bu olsun”  filminə baxıb. Filmdən valeh olan Kapur azərbaycanlı rejissora onunla Hindistana getməyi təklif edir və hətta onu milyonçu edəcəyinə söz verir. Amma Seyidzadə imtina edir və xalqı üçün hələ görüləcək işləri olduğunu deyib.

Rac Kapur Azərbaycan-Hindistan filmi çəkmək istəyib

Rəşid Behbudov və Rac Kapur birgə Azərbaycan-Hindistan filmi çəkməyi planlaşdırıblar, lakin hind kinorejissorun uzun sürən xəstəliyi bu layihənin reallaşmasına mane olub.

Dostunun ağır xəstəlik xəbəri ona çatanda Rəşid Behbudov bərk narahat olub və Hindistana uzun səfərə yola düşüb. Deyilənə görə, dostu ilə ayaq üstə görüşə bilməyən Rac onun əlini öpüb və bu, onların son görüşü olub.

Yeri gəlmişkən, Rac Kapurun son filmi “Henna” da yarımçıq qalıb: Rac Kapur 1988-ci ildə çəkilişləri bitirmədən vəfat edib. Layihə daha sonra onun böyük oğlu Randhir tərəfindən tamamlanıb və 1991-ci ildə yayımlanıb.

“Rac Kapur Bakıda” sənədli filmi Masallıda tapılıb

1956-cı ildə “Rac Kapur Bakıda” sənədli filmi çəkilib, lakin lent itib. Yalnız 2007-ci ildə Dövlət Film Fondu Rac Kapurun Azərbaycanın paytaxtına səfərindən bəhs edən əvvəllər itirilmiş filmi nümayiş etdirib. Ən maraqlısı odur ki, bu qiymətli film… Masallıda tapılıb. Hindistan kinosunun ulduzunun paytaxtımıza gəlişini lentə alan operator Faiq Qasımov nə vaxtsa onu köhnə dostu Yaşar Rəfiyevə təhvil veribmiş.

0
0

Həmçinin baxa bilərsiniz

Mədəniyyət

Kəbədə möhtəşəm görüntü: Milyonlarla insan bayram namazı qıldı – VİDEO

  • 21 Aprel 2023 - 20:39
Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbədə bayram namazı qılınıb. Milyonlarla insan Ramazan ayının başa çatmasından sonra Kəbə ətrafında namaz qılıb.
Mədəniyyət

Nicat Kazımov: “Kraliça əlimi əlinə alıb sığalladı”- MÜSAHİBƏ + FOTO

  • 26 Aprel 2023 - 23:48
Biz teatra çatanda o məşq prosesində idi. Növbəti tamaşanı ən incə detalına qədər izah edir, böyük şövqlə, enerjiylə hər bir