Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) İtaliyanın “Roma” klubunun baş məşqçisi Joze Mourinyoya qarşı İspaniyanın “Sevilya” klubu ilə Avropa Liqası final matçının baş hakimi Antoni Teylorla münaqişəyə görə intizam işi açıb.
Bu barədə cümə günü UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, “Roma” və “Sevilya” arasında çərşənbə günü Budapeştdə keçirilən görüş sonuncunun penaltilər seriyasındakı qələbəsi ilə başa çatıb. Əsas vaxt və iki əlavə hissə 1:1 hesabı ilə bitib və oyundan sonrakı 11 metrlik zərbələr seriyasında “Sevilya” 4:1 hesabı ilə qalib gəlib.
Matçdan sonra Teylorun işindən narazı qalan Mourinyo stadionun dayanacağında ingilis hakimi təhqir edib. Belə ki, Teylor “Roma”nın futbolçularına 7 sarı vərəqə göstərib.
Bununla yanaşı, “Roma” və “Sevilya” klubları meydançaya yad əşyalar atmaq, pirotexniki vasitələrdən istifadə etmək və komandanın qeyri-adekvat davranışına görə intizam işi ilə üzləşiblər. İtaliya klubu iğtişaşlara və stadiona ziyan vurduğuna görə də cəzalandırıla bilər.