“Təhsilin keyfiyyəti ilə bağlı islahatlara başlanılıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, strategiyada bununla bağlı hədəflər var:
“Məzmun olaraq ibtidai siniflərdən başlayıb. Proses iki istiqamətdə gedir. Sertifikasiya imtahanı da ilkin olaraq ibtidai sinif müəllimləri üçün keçirilir”.
O qeyd edib ki, artıq ötən ildən 4-cü sinif şagirdlərinin biliyi yoxlanılır:
“Bu sonrakı illərdə də davam etdiriləcək”.
Şöbə müdiri əlavə edib ki, iyunun 10-da dördüncü sinif şagirdlərinin monitorinq qiymətləndirilməsi aparılacaq.
E.Əliyev qeyd edib ki, monitorinqdə 150 minə yaxın şagird iştirak edəcək:
“Ötən ilin nəticəsinə görə, qızların nəticələri oğlandan daha çoxdur. Azərbaycan bölməsində olan uşaqların nəticəsi də rus bölməsindən yüksəkdir. Növbəti illərdə məktəblərdə qiymətləndirmə monitorinqinə dinləyib-anlama bacarığı əlavə olunacaq”.