Qan Turalı yazır…
Keçən ilin 13 mayında Oxu.Az-da dərc edilən məqaləm “Meyxananın özü cinayətdir” adlanırdı. O zamandan bu yana ötüb keçən dövrdə bu cümlə dəfələrlə təsdiqləndi. Ardıcıl neçə meyxanaçı narkotik ittihamı ilə həbs edildi. Hətta, bir meyxanaçı qətllə bağlı məhkəməsi də gedir.
Bəs bu niyə belə olur? Niyə ardıcıl meyxanaçılar narkotik ittihamı ilə həbs edilir. Hətta vəziyyət o qədər dramatik həddə çatıb ki, populyar iki meyxanaçı öz dinləyicilərin müraciət edərək kriminal aləmlə bağlı meyxana sifariş verməmələrini xahiş etdi.
Məsələnin kökünə enmək lazımdır. Halbuki meyxanaçıların mətbuatdakı şərhlərində dayaz yanaşma aydın sezilir. Belə ki, onların bir çoxu bu cür mənfi meyllərin bütün peşələr arasında olduğunu deyirlər.
Adi statistika isə bunu inkar edir. Azərbaycanda meyxanaçıdan dəfələrlə çox şair və yazıçı var. Yazıçılar Birliyinin üzvlərinin sayı 2 minə yaxınlaşır. Hələ üzv olmayan da nə qədər qələm sahibi var. Görün, bunlar haqqında eyni sözü demək mümkündürmü? Nə qədər şair narkotik ittihamı ilə həbs edilir ki? Göründüyü kimi meyxanaçıların məsələyə yanaşmasını ən adi statistik müşahidə ilə təkzib edilir.
Mənə elə gəlir ki, məsələnin ciddi estetik və sosial səbəbləri vardır ancaq meyxanaçılar “nəşə çəkən hər peşədə var” arqumenti ilə aradan sıyrılmaq istəyirlər. Əlbəttə, onlardan dərin sosioloji, ya da psixoloji analiz gözləmək əbəsdir. Ancaq burada mühüm bir məqam var. O da meyxananın özünün birbaşa şəkildə narkotik kimi cinayətkar əməllərlə bağlı olmasıdır. Zənnimcə, meyxanaçıların hədəfdən yayınmalarının da səbəbi budur. Fikrimin kifayət qədər iddialı olduğunun fərqindəyəm. Bunu nəzərə alaraq problemi təsvir edəcəyəm.
Hər bir şeydən qabaq biz görürük ki, Azərbaycan və bu kimi ölkələrdə narkotik xüsusilə aşağı gəlir səviyyəsinə, aşağı təhsil səviyyəsinə malik insanlar arasında daha populyardır. Burada kimsə “filankəsin oğlu ali təhsilli idi, amma narkoman oldu” arqumenti ilə qarşımıza çıxa bilər. (Ali təhsil birbaş şəkildə təhsilli olmağın ölçüsü deyil) Ancaq bu cür statistikaların “xalxın uşağı” cəhəti ilə yox, statistik olaraq üzə çıxır. Öncə onu qeyd edək ki, Azərbaycanda hər 7 adamın ancaq biri ali təhsillidir. Bu da təhsilsiz əhalinin mütləq çoxluqda olduğunu göstərir.
Meyxanaçıların bir çoxu da ya bu təbəqəyə aiddir, ya da aldıqları təhsil tamamilə formal xarakter daşıyır. Siz bunu asanlıqla efirdən də müşahidə edə bilərsiniz. Onların kütləsində isə bu cəhət xüsusilə güclüdür. Başqa cür də ola bilərmi? Mikayıl Müşfiqin poeziyasından Mirzə Səfər demişkən, “ləzzət aparmayan” insan əlbəttə ki, meyxanaya qulaq asacaq. Tələb də təklifi doğurur, yəni meyxanaçı da savadsız kütlənin tələbinə cavab verməlidir. Bu da meyxanaların səviyyəsini həm estetik, həm də sosial səbəbdən aşağı salır. Nizami Gəncəvinin özünü gətirin, o beş yüz nəfərlik siqaret tüstüsünün küləyə çevrildiyi “palatka”da düz-əməlli söz deyə bilməz.
Elə cinayətkar aləmə meyl də bundan ibarətdir. Yalnız azsavadlı insanlar “oğru”, “kriminal” insanlara “qəhrəman” gözü ilə baxa bilər.
Bu gün ağlı başında olan heç bir insan dövlətin ədaləti təsis edəcəyinə, qətiyyən şübhə etmir, eləcə də bizim xalqımız. 1918-ci ildən respublika qurub və bu ideyaya inanıb. İndi hərə əlinə bir yaba alıb yol kəsməlidir? Yoxsa, hərə öz ədalətini yaratmalıdır? Bu cür çox sadə görünən həqiqəti isə aşağı təhsilli insanlar əlbəttə ki, görə bilmirlər. Və buna görə də cinayətkar aləmdə ədalət və qəhrəmanlıq axtarırlar.
İncəsənət, xüsusilə də ədəbiyyat isə hadisələrə bu qədər bəsit, bu qədər dayaz baxa bilməz. Ədəbiyyatın missiyası böyük qələm sahiblərinin də dəfələrlə vurğuladığı kimi, insanı ucaltmaq, onu ən ali mənəviyyat mərhələsinə çıxartmaqdır. İnsana insanlığını xatırlatmaqdır. Nəinki, oxucularını narkotik və kriminal aləmə həvəsləndimək… Ədəbiyyat dərin idrak nəticəsində həyatın həqiqətlərini üzə çıxarır, nəinki narkotik maddələri, cinayətkarlığı təbliğ edir.
Bir meyxanaçı işğal edilmiş ərazilərin hava proqnozunun verilməsini tənqid edən bir meyxana ilə çıxış etmişdi. (O zaman işğal hələ davam edirdi) Halbuki, bu hava proqnozunun mühüm bir mənası vardı, hər gün bizə o torpaqları-Şuşanı, Laçını, Ağdamı xatırladırdı. Bu fakt əslində meyxananın həyatın dərin qatlarına enməyib dayaz məntiqin, bəsit bir təfəkkürün məhsulu olduğunu göstərir.
Meyxananın cinayətkar təbiəti də elə buradan, onun dayazlığından doğur….