Cəmiyyət

Sür də bu zibili…

Rövşən Əsədov yazır…

Neçə vaxtdır, sosial şəbəkələrdə reklamı qarşıma çıxırdı. Bir gün dedim ki, mən bu proqramı telefonuma yazım, bir yoxlayım. Söhbət taksi fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulan proqramdan gedir. Reklamlarda adamı elə şirnikləndirirlər ki, əlim dinc durmadı. Yazdım. Başım qarışıq olduğu üçün bir aydan çox heç proqrama daxil olmadım. Qeydiyyatdan keçdiyim şirkət də vaxtaşırı zəng edib məni şirnikləndirirdi. Axır ki, vaxt edib açdım proqramı.

Dedim ki, niyə də yoxlamayım?

İlk sifarişi qəbul etdim. Məsafə təxminən 18 kilometr idi. Yol yoldaşlarım bir qadın, bir yaşlı kişi və bir də cavan oğlan idi. Ahıl kişi nasaz görünürdü deyə arxa oturacaqda əyləşdi, cavan oğlan isə qabaqda. Tərpəndik. Yola başlar-başlamaz qadın söhbətin ucunu qoydu. Şirkətin qaydaları ilə yaxından tanış olduğum üçün maşında gedən söhbətə müdaxilə edib fikir bildirmədim. Qadın ahıl kişi ilə mövzunu mövzuya calayırdı. Söhbət məcburi köçkünlərdən düşdü. Qadın dedi ki, bu qırılmışlar da getsəydilər, şəhər seyrələrdi. Mən də məcburi köçkünəm, içim içimi yeyir, cavab vermək istəyirəm, amma qaydalar imkan vermir. Sonra qadın siyasətdən danışmağa başladı. Ahıl kişi də “dır-dır”a dözmədi: “Ay qız, yeri deyil, evdə danışarsan, imkan ver, yol gedirik. Burada kənar adam var (məni nəzərdə tutur), belə söhbətlər etmə”. Qadın isə dayanmadı, kişinin buna tərs münasibəti onu qıcıqlandırdı. Dedi ki, “əşi, kimdir ki, taksi “şoferi”dir də. O nə qanır belə şeyləri…”

Yenə susdum. Fikrim yolda, bir gözüm isə naviqatordaydı.

Yanımdakı qardaş da qurcuxur, yoldakı maşınlara deyinirdi. Elə bu dəsgahın ortasında fikrim qarışdı, bir tin qabaqdan döndüm, tez ayağımı əyləcə basdım. Yanımdakı qardaşı yaman əsəbiləşdirdim, əlini maşının ön panelinə vurub: “Sür də bu zibili”, – dedi. Yenə susdum, bir az da dolmuşdum. Bardağı daşıran sonuncu damlanı gözləyirdim ki, “axı siz kimsiniz, burada barbarlıq edirsiniz?” deyəm. Dinmədim, lənət şeytana deyib, səbrimi basdım. Nəhayət, bir tin də gedib qabaqdan bunları düşürəcəyim ünvana çatdım. Proqram da: “Gedəcəyiniz ünvana çatdınız”, – dedi. Telefon maşına qoşulu olduğu üçün səs salonda eşidilirdi. Qadın dilləndi: “Atam, sür qabağa, bura deyil”. Qadın sür-sür deyə-deyə təxminən 3-4 kilometr yol sürdürdü. Dedim, yəqin ki, ödəniş edəndə bunu nəzərə alarlar. Ödəniş isə 6,69 AZN etdi. On manat verdilər, mən də 3 manat 30 qəpik qaytardım. Pulun qalığını ön oturacaqda əyləşən qardaşa qaytardım. Gözlədim ki, əlavə sürdüyüm yolu da nəzərə alarlar. Amma almadılar, düşəndə də qapını elə formada çırpdılar ki, düşündüm, qapı qopdu. Ərinmədim, düşüb baxdım, görüm harasısa çatlamadı ki? Heç nə olmamışdı, şükür.

Şəhərdən xeyli uzaqlaşmışdım. Dedim, bu günlük kifayətdir, evə yol alım. Əlim dinc durmadı, proqramı yenə aktivləşdirdim ki, bəlkə, yolüstü müştəri olar. Telefon səs etməyə başladı. Proqramdan da düz-əməlli başım çıxmadığı üçün elə əlimi hara gəldi oraya basdım. Yazıldı ki, sifariş qəbul edildi. Xəritədə götürəcəyim adamın ünvanı göründü. Yaxın idi, sərnişinlər də elə düz yolun kənarında dayanmışdılar. İki qadın, bir də bir azyaşlı maşına əyləşdilər. Proqramı işə saldım, gedəcəyim ünvan xəritədə açıldı. Tərpənəndə qadın dedi ki, o yolla getməyin. Düşündüm ki, yəqin, bu qadın bura adamıdır, kəsə yol bilir. Dedim, xanım, necə gedim, yolu göstərə bilərsiniz? Nə isə, sağa dön, sola dön, bir qapının ağzında dedi ki, saxla. Xəritə isə mənə başqa ünvanı göstərirdi. Qadın uşaqla düşdü, maşındakı qadınla da sağollaşdı, təxminən beş dəqiqə də söhbətləşdilər. Səbirlə gözlədim. Sonra rəhmətliyin qohumu qapını çırpıb getdi. Maşındakı qadına dedim ki, xanım, gedə bilərik? Dedi, bəli, arxaya qayıdın. Dedim, axı xəritə başqa ünvanı göstərir, dedi, sür, qardaş, elə yolüstü idi deyə dedim, bacımı da düşürərsiniz. Necə yolüstü idisə… Sərnişinləri götürdüyüm ünvana geri qayıdıb xəritənin göstərdiyi istiqamətdə getməyə başladıq. Nəhayət, ünvana çatdıq. Gediş haqqını proqramda öncədən görmədiyim üçün “çatdıq” düyməsinə basdım. Ödəniş isə 3 manat etmişdi. Qadın da cibindən çıxarıb xışmaladığı pulu arxa oturacağa atıb qapını çırpdı. Qapı da çırpılanda elə bilirəm ki, canımdan can gedir. Narahat yerdə maşını saxladığım üçün pulu arxa oturacaqdan götürə bilmədim. Dedim, bir az qabaqda uyğun yer tapıb, saxlayıb götürərəm. Marketlərin birinin qarşısında park yeri görüb yan aldım oraya. Düşüb arxa oturacaqda əziklənmiş 3 manatı götürdüm. Əziyini-üzüyünü düzəldib, Allah bərəkət versin deyib, pulqabıma qoydum.

Sanki aludəçilik yaratmışdı. Özümə də maraqlı gəldi ki, görəsən, heç olmazsa, bu gün bir normal müştəri qarşıma çıxacaqmı? Yenə proqramı işə saldım. Bu minvalla evə getmək adı ilə şəhərdən, demək olar ki, xeyli uzaqlaşdım.

Daha bir sifarişi qəbul etdim. Xəritədə göstərilən ünvana – metronun “Azadlıq prospekti” stansiyasının çıxışına yaxınlaşdım. Axşam vaxtı olduğundan xeyli sıxlıq idi. Proqram vasitəsilə qeyd edilən ünvana çatdığımı bildirdim, cavab gəlmədi. Çat vasitəsilə sərnişinə “buradayam” mesajını göndərdim, cavab olmadı. Sonra zəng gəldi. Zəng edən xanım idi. “Salam, siz haradasınız, mən bayaqdan sizi gözləyirəm”, – dedi. Mən qeyd edilən ünvandayam, sizi görmürəm”, – deyə üstümə çəmkirdi. Əxlaqım, tərbiyəm, üstəlik də şirkətin qaydaları imkan vermədiyi üçün kobud cavab qaytarmadım. “Xanım, elə proqramda göstərilən maşındır, nömrəsi də eynidir”, – dedim. Nə isə, uzun sözün qısası, məni ara yollara salaraq ayağına gətizdirdi. Hərçənd ki, proqramda qeyd edilən ünvan deyildi, dillənmədim. Gedəcəyimiz ünvan Pirşağı idi. Haraya getdiyimi də dəqiq bilmirdim, naviqatorun göstərdiyi istiqamətə sürürdüm. Sadəcə, yolkənarı yazılardan harada olduğumu müəyyən edirdim. Maşının ön şüşəsinə isə yağış damcıları düşürdü. Pəncərələrim bağlı idi, görünmə məhdudiyyəti yarandığından azacıq pəncərəni endirməli oldum. Bir az getmişdik, xanım “pəncərəni qaldırın” dedi. Dinməzcə qaldırıb havalandırmanı qoşdum. Havalandırmanı qoşanda da salondan səs gəlir. Xanım səsə də əsəbiləşdi. Dedi, “bunun səsi başıma düşdü, söndürün”. Nə isə söndürdüm, buğlana-buğlana xanımı qeyd edilən ünvana çatdırdım. Dedi, “məhəlləyə girə bilərsinizmi, əlavə ödəniş edəcəyəm”. Axşam olduğu üçün ürəyim dözmədi, hərçənd ki, qeyd edilən ünvana xanımı çatdırmışdım, dedim, yolun ortasında düşürtməyim, ayıbdır. Məhəlləyə dönüm, düşürdüm, həm də deyir ki, əlavə ödəniş də edəcəyəm. O yola, məhəlləyə girməz olaydım. Hər cür çuxur, hər cür xəndək, daşlar var idi yolda. Maşının dili olsa, əlimi, ayağımı öpərdi ki, qurban olum, məni belə pis yollara salma. Xülasə, xanımı düz evinin qapısına çatdırdım. Ödəniş isə 7,74 etmişdi. Xanım isə on manat (hamısı da bir manatlıq) verdi. Yenə heç olmasa, o birilərdən insaflı davrandı, amma vallah, o yola 2,26 AZN-ə görə girməyə dəyməzdi.

O qədər əsəbiləşdim ki, proqramdan dərhal çıxdım.

Amma üç-dörd sərnişindən aldığım mənfi enerji, onların mənə yaşatdığı stres, maşına vurduğu ziyan heç qazandığım pula dəymədi. Əvəzində isə həm vaxtım, həm enerjim, həm də əsəbim getdi. Amma bildiyim bir şeyi bir daha qətiləşdirdim: taksi sürücüləri də bizdən biridir, onlara qarşı diqqətli, nəzakətli, ədəbli davranmaq lazımdır, onlara qarşı haqsızlıq etməmək, onları aşağılamamaq, cəmiyyətin aşağı təbəqəsi kimi görməmək lazımdır. Mən bunu eksperiment kimi etdim, amma bunu gündəlik çörəkpulu qazanmaq üçün edənlər var, evinə, ailəsinə halal pul aparanlar var. Onları bu qədər əzib, aşağılamaq, onları zədələmək, mədəni formada desəm, – tərbiyəsizlikdir. Bu gün əminliklə deyə bilərəm ki (özlərinə bəzi səbəblərdən deyə bilməsəm də), onlardan hər məsələdə daha üstünəm. Həm dünyagörüşüm, həm təhsilim, həm qabiliyyətim, həm mədəniyyətim, həm də əxlaqım mənim bu gün maşınıma əyləşən sərnişinlərimdən daha çoxdur. Mən bu gün sükan arxasındayamsa, bu o demək deyil ki, siz məndən üstünsünüz, mən daha aşağı təbəqənin mənsubuyam – taksi sürücüsüyəm, mənə (timsalımda yüzlərlə, bəlkə də, minlərlə taksi sürücüsünə) qarşı istədiyiniz kimi davrana, aşağılaya, əsəbimə, sağlamlığıma maddi və mənəvi ziyan vura bilərsiniz…

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər