Almaniyanın Berlin şəhərində keçirilən Xüsusi Yay Olimpiya Oyunları çərçivəsində idmançılarımız qələbə əldə ediblər.
Oxu.Az xəbər verir ki, bədii gimnastika üzrə yarışlara yekun vurulub və Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəmizi təmsil edən bədii gimnast Mehriban Tağıyeva çıxış etdiyi divizionda topla qızıl, gürzlər və halqa ilə hərəkətlərin icrasında isə bürünc medala layiq görülüb.
Daha bir bürünc medalları yığmamızın aktivinə pouerliftinq üzrə 59 kiloqram çəki dərəcəsində mübarizə aparan Samir Eminov yazdırıb.
Üzgüçülük üzrə ölkəmizi təmsil edən komanda finala çıxıb. Finalda üzgüçülərimiz – Ağasəlim Abdullayev, Vüsalə Qasımova, Aidə Rzayeva, Əli Məhəmməd ikinci yerə layiq görülüblər.
Beynəlxalq Xüsusi Olimpiya Komitəsinin prezidenti komandamızın üzvləri ilə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin komandası 13 idman növü üzrə mübarizə aparır. Oyunlar iyunun 25-dək davam edəcək.