Cəmiyyət

“Tarixə adını yazan qadınlar” kitabının müəllifi indi də öz adını tarixə yazdı…

Paşayeva Qənirə Ələsgər qızı – Azərbaycan Respublikası Milli Məclisin deputatı 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü olmuşdur. Gürcüstanın «Şərəf» ordeni ilə təltif edilmişdir. 10-dan artıq elmi və publisistik kitabın, yüzlərcə məqalənin müəllifidir. 20-yə yaxın sənədli filmin ssenari müəllifi və baş məsləhətçisi olmuşdur. Rus və ingilis dillərini sərbəst bilmişdir. Qənirə xanım olduqca bacarıqlı, savadlı və cəsarətli şəxsdir. O, 1998-ci ildən ANS-Tv-də çalışmağa başlamışdır. Burada “Xəbərlər xidməti”ndə bir sıra vəzifələrdə çalışmışdır. Daha sonra isə həmin redaksiyanın baş redaktor müavini vəzifəsinə yüksəlmişdir. 2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışmağa başlamışdır. 2012–2015-ci illərdə «Odlar Yurdu» Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik etmişdir. Qənirə Paşayeva bir çox sahələrdə çalışsa da, hər zaman siyasətə marağı ilə də seçilmişdir. Məhz bu maraq onu deputatlığa qədər apardı. O, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Bundan əlavə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, Vyetnam, Yaponiya, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Macarıstan, Malayziya, Qazaxıstan, Qırğızıstan, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Bundan əlavə Qənirə Paşayeva Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsini icra etmişdir.

Biz Qənirə Paşayeva haqqında bu məlumatları elmi üslubda xalqımıza çatdırmışıq, lakin onun bədii fəaliyyəti də danılmazdır… Qənirə Paşayevanın bacarıqları özünü bədii sahədə də göstərmişdir. O, bu fəaliyyəti boyu xalqın tərəfindən çıxış etmiş, daim haqlı olaraq cəmiyyətin bütün hüquqlarını onlara çatdırmışdır. Qənirə Paşayeva qadınların Öndər olduğunu, cəmiyyətin həyatında onların hansı rola malik olduğunu bu kitablarda fasiləsiz vurğulamışdır. O, öz hüquqlarını müdafiə etməyi bacarmayan zərif qadınların təmsilçisi kimi gözümüzün qarşısında canlanır… Onun çox gözəl şeirləri, məqalələri vardır: “Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”, “Səndən sonra” kitabları və s.

Diqqətimizi ilk çəkən kitablar haqqında yazmaq istəyirik. Bu kitablardan biri “Nobel mükafatlı qadınlar” əsəridir. Qənirə xanım Paşayevanın “Nobel mükafatlı qadınlar “ kitabı ötən ilin son günlərində işıq üzü gördü. Elə ilk baxışdan nəfis tərtibatı, yüksək poliqrafik keyfiyyətləri ilə nəzəri oxşayan kitabı oxuduqca içindəki yazıların da cazibəsindən ayrılmaq olmur. İndiyədək əksər Nobel mükafatçıları, eləcə də onların hər biri haqda onlarla kitab yazılıb, filmlər çəkilib, KİV-də informasiyalar, bilgilər verilib. Ona görə də, belə bir mövzuda yazmaq ilk baxışda asan görünsə də, əslində, çətindir, xüsusi səriştə, yanaşma tələb edir. Bu kitab, təbii ki, tədqiqat əsərləri sırasında deyil. Kitabda əsas etibarı ilə Nobel mükafatı almış qadınlar haqda biblioqrafik məlumat – həyatının ayrı-ayrı dövrləri, mühüm əsərlərinin adları, fəaliyyətləri, yaradıcılıqları, müasirlərinin onlar barədə söylədikləri fikirlər, rəylər, mülahizələrə geniş yer ayrılıb.

Kitabı oxuduqca gözlərimiz önündə hər bir nobelçi qadının portreti canlanır. Müəllif əsas qüvvəsini bu cəhətə yönəltmiş və ən yüksək səviyyədə buna nail olmuşdur. Səhifələrdəki illüstrativ fraqmentlər isə bu müxtəsər oçerklərə canlılıq və əyanilik gətirir.

Kitabın ilk səhifəsi Nobel Ailə Cəmiyyəti İdarə Heyətinin üzvü, Nobel Xeyriyyə Fondunun həmtəsisçisi və qəyyumu Qustav Nobelin sözləri ilə başlayır. Qustav Nobel kitaba yazdığı ”Ön söz”də Qənirə Paşayevaya müraciət edib Nobel fondu adından və öz adından kitabın işıq üzü görməsilə bağlı onu təbrik etmişdir. Sonra yazır: “Mən həm də ona görə qürur hissi duyuram ki, hörmətli Qənirə xanım bu tədqiqatını Nobel mükafatına layiq görülmüş qadın laureatların həyatları boyu əldə etdikləri nailiyyətləri, şahidi olduqları keşməkeşli tarixi hadisələri, ümumən dünyada feminist hərəkatına qarşı təsirləri araşdıraraq ərsəyə gətirmişdir”.

Qənirə xanım Paşayeva giriş sözündə bu kitabı müəllimlik fəaliyyətində çox sayda kimyaçı yetişdirmiş və ona kiçik yaşlarından Nobel mükafatı almış qadınlar haqda sirli və maraqlı hekayələr danışan Tehran Nağıyevaya ithaf etdiyini yazır və əsərin yaranması ideyasını belə açıqlayır: “Bu kitabı yazmaqda məqsədim gənc nəsillərin, xüsusilə gənc qızlarımızın bu qadınları yaxından tanımaları və öyrənməsidir. Öyrənməli çox şey var. Arzular, idealların arxasınca çətinliklərdən qorxmadan, yorulmadan, geri çəkilmədən getmək və özünü təsdiq edə bilmək…”

Bu kitabda 106 il ərzində Nobel mükafatı almış 35 qadın laureatın keçdiyi ömür yolu, elmi fəaliyyət sahələri, yaradıcılığı barədə yığcam həyat hekayələri toplanıb. Əsərdə eyni zamanda fəaliyyət və yaradıcılıqlarının əsas sahəsi və yönləri, elmə və mədəniyyətə gətirdikləri yeniliklər, töhfələr, bəşər elmi və mədəniyyəti tarixindəki xidmətləri nəzərdən keçirilir.

Kitabda yadda qalan, gənc qızlarımıza örnək olan həyati təcrübələr, maraqlı anlar, məqamlar çoxdur. Biz onların bəzilərinin üzərində dayanmaq istərdik.

Onlara kişilərlə bərabər hüquqların verilmədiyi zamanlarda yaşayan qadınlar minbir əziyyətlərə dözüb, haqlarına, zəhmətlərinə sədd çəkən dəmir qatları aradan götürə biliblər… Barbara Mak-Klintok. Ona mükafata yiyələnmək 30 ildən sonra müyəssər olmuşdu. Bu alim qadının elmi nəticələrinə zamanında əhəmiyyət verilməmişdi, səbəb onun “zəif cinsdən”olması ilə bağlı idi… Nyu-York Universitetini (magistr dərəcəsi) bitirən Gertruda Bell Elion. Məxsus olduğu cinsə görə mütəxəssis diplomu ala bilməmişdi, 15 il əczaçılıq laboratoriyasında köməkçi kimi çalışmışdı.

Kitabdan gətirilən örnəklərin sayını artırmaq olardı. Biz hələ bu kitabın ilk səhifələrindən sizə söz açdıq… Bu yaxınlarda da Azərbaycanəsilli olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Qeyd etdiyim kimi kitab sırf elmi araşdırmanın məhsulu olmayıb, sadəcə nobel mükafatı almış qadınlar haqda çeşidli qaynaqlardan əldə olunmuş ümumi, biblioqrafik mətnlər üzərində qurulub. Lakin bu potret-oçerk xarakteri daşıyan bu yazılarda Qənirə xanım Paşayevanın peşəkar jurnalist qələmi və fantaziyası millət vəkili kimi fəaliyyəti, iş təcrübəsi, çoxçalarlı yaradıcılıq potensialı da özünü aydın büruzə verir. Müəllifə xas bu xüsusiyyətlər olmasaydı, yəqin ki, kitab daha çox quru, rəsmi və sırf ensiklopedik xarakter daşıyardı.

Tanınmış jurnalist, millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın “Tarixə adını yazan qadınlar” adlı kitabı da çox maraq doğuran bir əsərdir… Qeyd edək ki, üç cilddən ibarət olan bu kitabda ayrı – ayrı fəaliyyət sahələrində böyük, əsrarəngiz işlər görmüş, “ilk”lərə imza atmış, tarixin müxtəlif dövrlərində yaşamış 100 məşhur qadının həyat və fəaliyyəti haqqında tarixi – bədii oçerklər toplanıb. Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə bildirmişdir ki, bu möhtəşəm kitab Azərbaycanda gender elminin inkişafına mühüm tğfhə kimi qəbul edilə bilər. Kitaba Azərbaycanın tarixində mühüm yer tutan üç azərbaycanlı qadının da adı daxil edilib. Bunlar Tomris, Sara Xatun və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevadır. Bu kitabdan çox dəyərli bir ideya ərsəyə gəlir ki, qadınları güclü olmayan cəmiyyət zəif hesab olunur. Azərbaycan qadınları çox yüksək pillələrə qalxmağa nail olan qadınlardır. Son zamanlar cəmiyyətdə qadınların qərarlarınqəbul edilməsi prosesində rolu əhəmiyyətli dərəcədə artıb.

Kitabın müəllifi Qənirə Paşayeva əsər haqqında bildirib ki, ümumiyyətlə, Azərbaycan qadın hüquqlarının qorunması sahəsində inkişaf etmiş ölkələr sırasındadır. Lakin hələ də dünyanın bəzi ölkələrində qadınlar ən adi hüquqlarından belə məhrumdurlar: “Tarixə adını yazan qadınlar çox olub. Təəssüf ki, bəzən tarix onların adını lazımınca yazmayıb. Bu kitabı yazmaqda əsas məqsədim tarixə adlarını yazan, “ilk”lər yaradan qadınlarımızın həyatını, fəaliyyətini gənc qızlarımıza örnək kimi göstərmək olub. Bu kitab, ən azı, yüz qıza ünvanlanıb. Bu qadınların hekayətləri, çətinliklə əldə etdiyi uğurlar qızlarımızın hədəfə çatmaları üçün yardımçı olacaq. Amma kitab yalnız qızlarımıza ünvanlanmayıb. Kitab, həm də atalar, qardaşlar, həyat yoldaşları və böyüməkdə olan gənc oğlanlar üçün yazılıb”.

Q.Paşayevanın fəaliyyətinin çoxşaxəli olduğunu diqqətə çatdıran R.Mirzəzadənin sözlərinə görə, jurnalistika sahəsində özünü doğruldan bu gənc xanım siysətdə də özünü təsdiqləyib. Ürəyi vətən eşqilə çırpınan xanım Paşayeva Avropa Şurası Parlament Assambleyasının tribunasından daim Dağlıq Qarabağ problemini qabardıb, Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini Avropa parlamentarilərinə çatdırıb. Filosof Heyninin “dünyanı qadınlar idarə edir, ancaq tarix kişilərin adına yazılır” deyimini sitat gətirən natiq qeyd edib ki, bu kitab həm də Azərbaycan qadınının nəyə layiq olduğunu bir daha nümayiş etdirir: “Kitabda üç Azərbaycan qadını haqqında məlumat əksini tapıb ki, onlardan biri Mehriban xanım Əliyevadır. O, 21-ci əsr Azərbaycan qadını olmasına baxmayaraq, artıq qadın tarixi şəxsiyyətlər sırasında özünə yer ala bilib. Təkcə kitabda Sara xatun barədə məlumatın verilməsi bu dərginin gender bərabərliyi mövzusunda elmi mənbə kimi istifadə edilməsinə zəmin yaradır”.

Qadın tarixi şəxsiyyətlər barədə kitab yazmağın böyük istedad və məsuliyyət tələb etdiyini diqqətə çatdıran Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, Azərbaycan qadını ən yüksək pillələrə layiqdir. “Hesab edirəm ki, bu kitab davamlı olmalıdır. Çünki tarixdə kifayət qədər qadınlar var ki, onların fəaliyyətinin araşdırılmasına ehtiyac duyulur. Düşünürəm ki, Qənirə xanım da nə vaxtsa bu qadınlar sırasında olacaq”, – deyəndə, bəlkə də, uzaqgörənlik etmişdi…

Qarabağ aşiqi Qənirə xanım, siz bütün Türk dünyası üçün, Qarabağımız üçün hər zaman mübarizə apararaq ucaldınız. Hər kəlamınız, hər sözünüz bizim üçün bir əxlaq dərsidir. “Qənirə demişkən, adam kimi adam ol’’, “Qənirə demişkən, bu gün varıq, sabah yox’’, “Üzərimizdə olan hər şeyi, hətta adımızı belə özümüzlə götürməyəcəyik, sadəcə etdiyimiz gözəl əməllər qalacaq fani dünyada’’. Eləcə də, “Qarabağ aşiqi olan Qənirə”, “Türk dünyası aşiqi olan Qənirə”, “Sayılıb-seçilən, özünü bütün Türk dünyasına sevdirən sevgi aşiqi”… Hamıdan ancaq bu sözləri eşidilir… Bənzəri, təkrarı olmayan, özünəməxsus bir jurnalist peşəkarlığı var idi.. Bu fani dünyadan gerçək dünyaya köç etdiniz. Bir dəryaymışsınız siz, Qənirə xanım… Sizi oxuyan, dinləyən nəsillər hər zaman davam edəcək, sizdən nəsihətlər eşidib, oxuyub təbliğ edəcəklər… Bu, danılmaz bir faktdır ki, sizin ərsəyə gətirdiyiniz hər bir zərrə bizimlə əbədi yaşayacaq…

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər