İsrail ordusu üçün sursat daşıyan ilk Amerika təyyarəsi çərşənbə günü gecə İsrailə gəlib.
Tass xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“ABŞ hərbi sursatları ilə yüklənmiş ilk təyyarə İsrailə eniş edib. Hərbi sursatları daşıyan təyyarə gecə saatlarında Nevatim bazasına eniş edib. Sursatlar əhəmiyyətli zərbələr endirmək və əlavə senarilərə hazırlaşmaq üçün nəzərdə tutulub”, – məlumatda deyilir.
İsrail ordusu dəstəyinə görə ABŞ-a minnətdarlığını bildirib.
“Ümumi düşmənlərimiz bilir ki, bizim ordularımız arasında əməkdaşlıq həmişəkindən daha güclüdür və regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində əsas rol oynayır”, – bəyanatda deyilir.
Xatırladaq ki, ötən həftə şənbə günü İsrail ərazisinə HƏMAS qruplaşması hücum edib. Nəticədə İsraildə ölənlərin sayı 1200-ə yüksəlib, yaralananların sayı isə 2700-ü keçib.
Qəzza zolağında isə İsraillə münaqişə nəticəsində ölənlərin sayı 950-yə çatıb. Məlumatı Fələstinin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, 5000 nəfər xəsarət alıb.
Ölənlərdən 260-ı uşaq, 230-u isə qadındır.
ABŞ-dən sursat daşıyan ilk təyyarə İsrailə enib
