“Zəlzələnin baş verməsindən sonra insanlar arasındakı ajiotajın yaranmasının psixoloji səbəblərindən birincisi fevral ayında Türkiyədə olan hadisələr idi. Çünki canlı şəkildə çox şeyləri göstərdilər və insanlar bir-bir bunu izlədilər. Ondan sonra da insanlarda ciddi qorxu yarandı”.
Bu sözləri açıqlamasında tanınmış psixoloq Vəfa Rəşidova deyib.
O, bu gün Xəzər dənizin qərbində, Azərbaycan sahillərində baş verən 5,4 ballıq zəlzələ ilə bağlı istər sosial şəbəkələrdə, istərsə də mediada yayılan məlumatlar fonunda insanların bu məsələyə qarşı olan həssaslıqdan söz açıb.
Xatırladaq ki, bu gün saat 08:18 radələrində baş verən zəlzələ kütlə arasında genişmiqyaslı ajiotaj yaradıb. Daha sonra isə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuata açıqlamasında heç bir təhlükənin olmadığını qeyd etmişdi.
V. Rəşidova isə aydınlaşdırıb ki, əslində, fevralda Türkiyədə baş verən zəlzələdən öncə hər zaman Bakıda, daha dəqiq desək, Xəzər dənizində zəlzələ olub:
“Biz gözümüzü açandan bunu görmüşük. Kahramanmaraş zəlzələsinə qədər ölkəmizdə bu məsələ ciddi qorxu ilə qarşılanmırdı və insanlarımız buna adi yanaşırdı. Onlar bilirdilər ki, adi bir şeydir. Amma Türkiyədəki zəlzələdən sonra insanlarımız artıq daha həssas olublar. Çünki türk mediası oradakı insanları canlı-canlı və detallı şəkildə binalardan çıxarılarkən göstərdilər deyə, adamların şüur altında bu qorxu yarandı”.
Mütəxəssisin fikrincə, belə hallarda panikaya qapılmaq lazım deyil:
“Biz Türkiyədəki görüntüləri görməsəydik, bu gün insanlarımız yenə də 5 bala sadə bir zəlzələ kimi baxacaqdılar. Qısacası, yaşantılar və insan faciələri bizə psixoloji təsir edib. O vaxtı psixoloqlar və bir çox mütəxəssislər deyirdi ki, bu proseslərə detallı şəkildə baxmayın, amma insanlarımız detallı şəkildə zəlzələnin nəticələrini izləyirdilər. Bu da onun fəsadlarıdır ki, insanlarımız buna baxandan sonra daxillərində qorxu hissi kimi qaldı. Odur ki, bu gün zəlzələ ilə bağlı panika davam edir”.
Zəlzələ panikası: Əhali niyə bu qədər təlaş keçirdi?
