İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.
İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı. Bununla da Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrini təkbaşına icra edərək, Qarabağı qısa zamanda yağılardan təmizlədi.
19-20 sentyabr 2023-cü ildə isə Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Ordumuz dünyada misli görünməmiş ildırımsürətli antiterror tədbirləri həyata keçirərək, cəmi 23 saat 43 dəqiqəyə Xankəndi və ətrafında məskunlaşan separatçı-terrorçu dəstəni, o cümlədən Ermənistan ordusunun 2020-ci ildən torpaqlarımızda qalan 10 mindən çox qüvvəsini təslim olmağa məcbur etdi.
Bununla da Azərbaycan bütün ərazisində öz suverenliyini qəti şəkildə təmin etmiş oldu.
Prezident İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir. O, Azərbaycanın tərəqqisini təmin edən strateji inkişaf paradiqmalarını dəqiq müəyyən edib. İlk növbədə, inkişafın milli – Azərbaycan modelinin formalaşdırılması, yeni keyfiyyət çalarları ilə zənginləşdirilməsi mühüm məqsəd və vəzifə kimi təsbit olunub, bu hədəfə çatmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər səmərəli nəticələr verib. Bir sözlə, Prezident İlham Əliyev inkişafın milli modelini yaratmaqla Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təmin edib, ölkəmiz qarşısında yeni perspektivlər açılıb. Statistik göstəricilər də bu reallığı təsdiq edir. Son 17 ildə ölkəmizin iqtisadi göstəriciləri daim artıb. İqtisadiyyatın genişlənməsi ilə paralel olaraq ölkəmizin maliyyə təminatı da güclənib. Bəhs olunan dövrdə respublikamıza daxili və xarici mənbələrdən böyük həcmlərdə investisiyalar yönəldilib. Eyni zamanda, respublikamızın valyuta ehtiyatları davamlı olaraq artıb. Bunlarla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri ölkənin regionlarının tarazlı inkişafının təmin olunmasıdır. Başqa sözlə, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib.
Mühüm məqamlardan biri budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin hesabatlarında da geniş əks olunur.
Bütün cəbhələrdə möhtəşəm qələbənin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir
Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi qələbə qazanan Azərbaycan həm öz ərazi bütövlüyünün, həm də tarixi ədalətin bərpasına müvəffəq oldu. Sentyabr ayının 27-dən başlayaraq dekabr ayının 1-nə qədər davam edən bu mərhələ cəmi 64 gün çəksə də, əslində, nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda tamamilə fərqli və yeni bir eranın başlanğıcını yaratdı. Ona görə də 44 günlük aktiv müharibə fazası və sonrakı 20 gündə 3 rayonumuzun bir güllə atılmadan azad edilməsi elə bir mühüm hadisədir ki, xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Yəni uzun illərdir davam edən və “Dağlıq Qarabağ” problemi adlandırılan məsələ birdəfəlik və heç bir status olmadan həll edildi, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan xalqı məğlub edilmiş xalq statusunda təqdim edilməkdən qurtularaq qalib xalq statusu əldə etdi, milli birliyin və bərabərliyin simvoluna çevrildi.
Əlbəttə, çox mürəkkəb tarixi mərhələdən keçdik. 44 günlük müharibə tarixində hər hansı kiçik səhv böyük faciələrə səbəb ola bilərdi. Otuz ilə qədər davam edən danışıqlar prosesində Azərbaycan xalqının səbri, dəyanəti, dözümü sınağa çəkildi. Ancaq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mürəkkəb regionda bu qətiyyətli qərarı və çox mürəkkəb prosesi diplomatiyanın və siyasətin mümkün etdiyi ən mahir incəliklə idarə etməyi bacardı, Qələbəmizi diplomatik-siyasi müstəvidə də möhkəmləndirdi. Azərbaycan xalqı bu prosesdə bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi olduğu təqdirdə ən çətin məsələlər belə həll edilir.
Bu gün də Azərbaycan xalqı bu Qələbə əhval-ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu Qələbə Azərbaycan xalqına, xalq da bu Qələbəyə layiqdir. Çünki Azərbaycan dövlətçiliyi böyük imtahanlardan keçdi. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi Qələbəsini təmin etdi. Diplomatik, siyasi və hərbi müstəvidə əldə etdiyi qələbələrlə qalibiyyətimizin simvoluna çevrildi. İlham Əliyev Qarabağ fatehi kimi adını hərbi-siyasi tariximizə qızıl hərflərlə yazdırdı. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər Sərkərdə oldu. Bir sözlə, bütün cəbhələrdə möhtəşəm tarixi qələbənin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində çıxışı zamanı Azərbaycan xalqına verdiyi vədləri yerinə yetirdiyini vurğuladı: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
İlham Əliyev müasir dünya tarixində öz ərazisində separatizm və münaqişəyə son qoymağı və ölkənin ərazi bütövlüyünü tam bərpa etməyi bacaran yeganə liderdir! Ad gününüz mübarək, Möhtərəm Lider!