Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Vüqar Cəfərovun “N” saylı hərbi hissənin maliyyə xidmətinin rəisi vəzifəsində işləyən zaman dövlətə 99 min 624 manat ziyan vurduğu məlum olub. O, həmin məbləği dövlətin büdcəsinə tam ödədiyini bildirib.Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının maliyyə bölməsinin rəisi Hüseyn Yusubov ifadə verib. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir.Şahid hazırda da bu vəzifədə çalışdığını və hospitala 2019-cu ildə təyin olunduğunu deyib. Qeyd olunub ki, onun 3 illik fəaliyyəti yoxlanılıb və 3 milyon manat yeyinti aşkar olunub.Prokurorun suallarını cavablandıran şahid təftişə İsmayıl Rəsulzadə və Teymur Teymurovun gəldiyini deyib: “Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak etmişəm və yoxlamaların nəticəsindən narazı deyiləm. Dövlətə vurulmuş ziyanın 380 min manatını ödəmişəm. Qalan pulu da ödəyəcəyəm”.Şahid bildirib ki, xüsusi tapşırıq əsasında 335 min manat vəsaiti Sadıq Sadıqov və Süleyman Abbasova verib.Prosesdə şahid qismində dindirilən Füzuli Ələkbərli deyib ki, bir neçə hərbi hissədə maliyyə xidmət rəisi çalışıb, hazırda isə təqaüdədir. O deyib ki, maliyyə işlərində kənar vəsaitlər yazaraq mənimsəyiblər: “Yoxlamalar nəticəsində ümumilikdə, 3 hərbi hissədən 400 min manat mənə pul qalıb. Həmin məbləğdən 100 min manatını istintaq dövrü ödəmişəm. Qalan pulu da yaxın zamanlarda ödəyəcəm”.Füzuli Ələkbərli prokurorun suallarını cavablandıran zaman qeyd edib ki, ayrılan vəsaitin 65 faizi maliyyələşmə və təftişçilərə, 35 faizi isə özünə çatıb. O deyib ki, rəisi Cəlal Kazımzadə olub, bütün tapşırıqları ondan alıb.Cəlal Kazımov şahidin ifadəsini münasibət bildirərək Füzuli Ələkbərlinin yalan danışdığını deyib: “Şahidə təklif edirəm kişi olsun, düzgün danışsın. Xidmət yerini belə düzgün demir. Tanışlarının adına pullar yazıb, həmin pulları da özünə götürüb. Hərbi hissədə korparativ kart olduğu halda ayrı-ayrı şəxslərin adına olan kartlara köçürmələr edib. Bunların arasında onun həyat yoldaşı, digər qohumları da var”.