Türkiyənin xarici işlər naziri Hakan Fidan bir müddət əvvəl Çinə səfəri zamanı Pekindən sonra uyğur türklərinin yaşadığı Sincan bölgəsinə səfər etmiş, yerli sakinlərlə görüşmüşdü. Ankaranın Pekindən uyğur siyasətinə yenidən baxmaq tələbi beynəlxalq aləmin də diqqətini çəkib.
Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.Politoloq vurğulayıb ki, Hakan Fidan Pekindəki çıxışı zamanı Çin hakimiyyətini Sincan əyalətindəki uyğur müsəlman azlığının mədəni hüquqlarına hörmət etməyə çağırmışdı:“Bu çağırış Prezident Rəcəb Tayyib Ərdoğanın son illərdə uyğur məsələsi ilə bağlı qəbul etdiyi ehtiyatlı yanaşmadan əhəmiyyətli dərəcədə uzaqlaşdığını göstərir. Türkiyə üçün Çinlə iqtisadi əlaqələri üst səviyyədə saxlamaq vacibdir. Misal üçün Çin Türkiyədə elektriklə çalışan avtomobil zavodu tikməyi planlaşdırır. Buna baxmayaraq, Türkiyə hökuməti və siyasi partiyalar uyğurların hüquqları mövzusundan imtina etmirlər. Müxalifət partiyalarının tanınmış liderləri, o cümlədən Ərdoğanın ortağı Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı çıxışlarında zaman-zaman uyğur mövzusuna toxunurlar. Türkiyə hökuməti bu mövzuda ictimai rəylə də hesablaşır. İslam dünyasında uyğur mövzusunu gündəmdə saxlamağa çalışan əsas dövlət Türkiyədir”.Politoloq xatırladıb ki, Türkiyənin 2019-cu ildə BMT-də Çini bir milyondan çox uyğura işgəncə verməkdə qınaması Ankara ilə Pekin arasında ciddi gərginliyə səbəb olmuşdu:“Bu gərginlik arxada qalsa da, Ankara uyğur mövsusundan imtina etmir. Çünki Çini illər uzunu tərk edən uyğurların bir hissəsi Türkiyədə sığınacaq tapıb. Türkiyə 1950-ci illərdən bu yana təqiblərdən qaçan uyğurlar üçün əlverişli məkana çevrilib. Hazırda Türkiyədə yaşayan təxminən 50 min uyğur Çindən kənarda ən böyük uyğur diasporudur”.
Politoloqun sözlərinə görə, ABŞ, Qərb ölkələri, o cümlədən Yaponiya da uyğurların hüquqlarının qorunması məsələsinə diqqət ayırırlar:“Pekin bu mövzuda bütün tənqidləri rədd edib. Ankara uyğur mövzusunu diqqətdə saxlasa da, Çinlə münasibətlərin gərginləşməsini istəmir. Türkiyə ilə münasibətlərin gərginləşməsi Pekinin də maraqlarına cavab vermir. Bəlkə buna görə, Pekin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Pekinlə yanaşı uyğurların yaşadığı bölgəyə də səfərinə icazə verib. Pekin Türkiyəni Avrasiya bölgəsinin əsas dövlətlərindən biri kimi qiymətləndirir, bu dövlətə “Bir kəmər, bir yol” təşəbbüsündə önəmli rol ayırır. Digər tərəfdən Pekin ABŞ və AB-yə qarşı çoxqütblü dünyanın formalaşmasında da Türkiyəyə ümid edir.Bu arada, Çin Kommunist Partiyası 800 milyon insanı yoxsulluqdan xilas etdiyini bəyan edib. Çində ucuz işçi qüvvəsi hesabına artan istehsal diqqətdən yayınmayıb. Çin adambaşına düşən ümumi daxili məhsulun həcminə görə dünya miqyasında 74-cü yerdədir. İqtisadi durumlarından narazı qalanlar içərəsində uyğurlar da var. Başqa bir narazılıq uyğur adlarının dəyişdirilməsiylə bağlıdır. Müxtəlif mənbələrə görə, Sincanda uyğurlar üçün dini, tarixi və mədəni məna daşıyan 630-a yaxın kəndin adı dəyişdirilib”.