Bölgələrimizdə orta aylıq əməkhaqqı arasında ciddi fərqlər var. Məsələn, son açıqlanan rəsmi məlumatlara görə, Qax rayonunda orta aylıq əməkhaqqı 532 manat olduğu halda, Şirvan şəhərində orta aylıq əməkhaqqı 859,8 manat, Daşkəsəndə isə 1 074,1 manatdır. Rayonlarda orta aylıq əməkhaqqıda bu qədər fərq olması nə ilə əlaqədardır?
Valyuta.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyir ki, regionlarda əməkhaqqını dispraporsiyasını yaradan mütəlif faktoralar var:“Buna əmək bazarının strukturu, daha çox iş yerini hansı sahələrin yaratması, iqtisadiyyatın sənayeləşmə səviyyəsi, dövlət sektorunun büdcə təşkilatlarının paylanması və s. bu kimi faktorlar təsir göstərir. Məsələn, regionlarda əmək bazarında daha çox pay kənd təsərrüfatı sahəsinə məxsusdur, amma kənd təsərrüfatında əməkhaqqı səviyyəsi çox aşağıdır. Biz əgər ölkə üzrə aylıq əməkhaqqına baxmış olsaq görərik ki, ən aşağı əməkhaqqı olan sahələrdən biri kənd təsərrüfatıdır. Bu, orta göstəricinin aşağı düşməsinə səbəb olan amillərdən biridir. Hansı bölgələrdə sənayeləşmə nisbətən daha irəli gedibsə, orada orta əmək haqqı nisbətən yuxarı olur. Məsələn, Şirvan şəhərində həm neft emalı sahəsi üzrə ixtisaslaşmış ərazilərdən biridir və burada əməkhaqqı səviyyəsi bu faktorlara görə yuxarı ola bilir”.
Ekspet bildirdi ki, burada büdcə təşkilatının regionlar üzrə paylanmasının da rolu var:“Məsələn, hansı bölgələrdə regional mərkəzlər yerləşirsə, xüsusilə də əsas dövlət qurumlarının regional mərkəzləri yerləşirsə, bu rayonlarda orta aylıq əməkhaqqı səviyyəsi digərləri ilə müqayisədə daha yüksək olur. Çünki müvafiq strukturlar üzrə əməkhaqqının səviyyəsi daha yüksəkdir. Müxtəlif faktorlar əməkhaqqının regionlar üzrə qeyri-mütənasib şəkildə paylanmasını şərtləndirir. Bu, müəyyən mənada təbii qəbul edilsə də, amma eyni zamanda bu göstərici ölkədə gəlirlərin nə qədər qeyri-bərabər şəkildə paylandığını göstərir. Hökümətin tarazlı inkişafa siyasəti daha çox bu aspketləri özündə birləşdirməlidir. Regionlar arasında sosial iqtisadi göstəricilər və əməkhaqqı fərqlərinin minimuma endirilməsi ilə bağlı kompleks tədbirlər planı, sosial və iqtisadi siyasətlər hazırlanaraq tətbiq edilməlidir”.