“Ömürlük azadlıqdan mərhum edilən əcnəbi vətəndaşlar, yaxud da vətəndaşlığı olmayan şəxslər də cəzalarının 10 ilini çəkəndən sonra əfv üçün müraciət edə bilər”.
Bunu Qaynarinfo-ya Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, Əfv Komissiyasının praktikasında əcnəbi ölkə vətəndaşlarının cəzadan azad edilməsi məsələsi olub: “Amma bu ümumi şərtlər çərçivəsində baş verir. Onlar həm də Cinayət Məcəlləsinə görə cəzasını 25 il çəkəndən sonra cəza çəkdiyi dövrün son 5 ilinə görə özlərinin islahameyilli olduğunu göstərsələr, hər hansı tənbeh tədbirləri tətbiq edilməzsə, özlərini yaxşı aparsalar vaxtından əvvəl şərti olaraq azad olmaq üçün məhkəməyə müraciət edə bilərlər. Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malikdirlər. Buna görə də həm əfv üçün, həm də şərti olaraq vaxtından əvvəl azadlığa çıxmaq üçün müraciət edə bilərlər”.Əliməmməd Nuriyev əlavə edib ki, Azərbaycan Respublikası qanunvericiliyinə görə, istər əcnəbi məhkumlar, istərsə də vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının məhkəmələri tərəfindən məhkum edilərkən, onlara Azərbaycan vətəndaşlarının münasibətdə olduğu qaydalar tətbiq edilir.
Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan mərhum edilən şəxslərin sayı açıqlanıb. Onların arasında 4 nəfər vətəndaşlığı olmayan şəxs, 4 Rusiya vətəndaşı, 4 Gürcüstan vətəndaşı, bir İran vətəndaşı və bir Qazaxıstan vətəndaşı ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkirlər.