Su həyat mənbəyidir. Sürətlə inkişaf edən texniki proseslər, sənaye tullantılarının nəinki yerüstü, həm də yeraltı su mənbələrini kimyəvi çirklənməyə məruz qoyduğu bir zamanda bu deyimin əhəmiyyətini daha aydın başa düşürük. Normal halda insan orqanizmində suyun payı 70 faizdən çox olduğundan suyun təmizliyini sağlamlıq üçün ən vacib amil saymaq olar.
Yer kürəsi əhalisinin 80 faizi keyfiyyətsiz su içir. Ölkəmizdə içməli su problemi getdikcə aktuallaşmaqdadır. Dünyada ekoloji tarazlığın pozulması və eləcə də təbii sərvətlərə, su mənbələrinə qarşı ögey münasibətin yaranması demək olar ki, təmiz su sarıdan müəyyən problemlərin yaranmasına gətirib çıxarıb. İndi kim deyə bilər ki, bizim içdiyimiz su ekoloji cəhətdən təmiz və saf sudur?! Bəlkə də təmiz və saf suyu içən kifayət qədər insanlar var. Amma indi bu o demək deyil ki, əhalinin əksəriyyətinin içdiyi suyun hamısı ekoloji cəhətdən təmizdir. Təbii ki, dağların sinəsindən süzülüb gələn suyun təmizliyi, saflığı və şəffaflığı çoxlarımızı heyran edir. Amma nə etmək olar ki, yenə biz Bakı şəhərində Kürdən təmizlənmiş və emal olunmuş suları içməyə məcburuq. Düzdür, müasir texnika və texnologiya ən çirkli suları təmizləyir və onu içməli hala gətirib çıxarır. Amma bayaq dediyimiz kimi, bu heç də saf suyun dadını və tamını vermir. Çünki saf su da ekoloji cəhətdən hər şey təmiz olmaqla onun tərkibində bir çox vitaminlər də var.
Azərbaycanda son vaxtlar sayı artan su şirkətləri bazarda əməlli-başlı “at oynadır”. Su “dəllal”ları əhaliyə verilən şəbəkə suyunu “dağ və bulaq suyu” adı altında qablaşdıraraq istehlakçılara baha qiymətə satırlar. Şikayətlərə baxmayaraq, bu sahəyə cavabdeh olan rəsmi qurumlar problemləri görməzdən gəlirlər. Əzəvində isə zərərçəkən, aldanan məhz istehlakçılar olur.
“Sizin Zaman” “Bakupost.az”a istinadən məlumat verir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 3 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Seyfulla Rəvxan oğlu Həsənəliyevə məxsus “Araz su” içməli su emalı müəssisəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilib. “Araz” su şirkətinin kran sularını qablaşdırıb satdığı aşkar edilib. Hətta bu faktı şirkətin texniki direktoru Yavər Uylukçu da etiraf edib. O 13-14 ildir Bakıda su satışı ilə məşğul olduğunu, həmişə də kran suyu satdığını bildirib.
Qeyd edək ki, “ARAZ SU” təbii təmizlənmiş minerallaşmış 1-ci sinif içməli su olaraq reklam edilirdi.
Baxış zamanı müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən su) filtr edilməklə qablaşdırılmasının həyata keçirildiyi, qida sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilən nöqsanlarla bağlı müəssisədə suyun emalının qadağan olunması və qablaşdırılmış suların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və müəssisənin rəhbəri barəsində protokol tərtib olunub. Eyni zamanda, “Araz su” əmtəə nişanlı içməli sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Başqa bir məlumata görə, Zahid Xəlilovda yerləşən bu şirkət su idarəsinin rəisinə aylıq rüşvət verərək sayğacdankənar sudan istifadə edir. “Araz” su şirkətinin hansı icazə sənədi və sertifikatlar əsasında fəaliyyət göstərməsi haqında sual verildikdə isə müsahib özündən çıxıb: “Bütün sənədlərimiz, sertifikatarımız buradadır. Müştərilərlə olan müqavilələrimiz də mövcuddur. İcbari sığorta, vergi və s. ilə bağlı olan hər bir sənəd yerli-yerindədir”.
Texniki direktor, suların hansı şəraitdə qablaşdırılması və gigiyenik tələblərə necə riayət edildiyini isə göstərməyib: “Bu iş mənlik deyil. Rəhbər icazə versə, özüm sizə tək-tək göstərərdim”.
Yavər Uylukçu, eyni zamanda, su satışı ilə məşğul olan digər şirkətlərin də fırıldaqçılıqla məşğul olduğunu deyib: “Bakıda satılan suların 90 faizievlərə gələn suyun filtrlənmiş halıdır”. Bu şirkətlərdən biri də məhz “Seylab Su” şirkətidir. Məlum olub ki, Seylab suları Gəncə mərasim evinin yanında, NZS zavodu yaxınlığında Neftçilərdə doldurulur. Qabalşdırma zamanı dezinfeskiya tədbirləri görülməyib. Belə məhsullarının üzərində təbii mənbələrdən, bulaqlardan, dağlardan gələn təsvirlər yer alır. Bu isə insanların aldanmasına səbəb olur. Hər halda, necə mümkün ola bilər ki, dağdan o qədər su gəlsin? Dağın suyu nə qədərdir ki, əhaliyə də çatsın?
Aydındır ki, zaman-zaman bu məsələlər də öz həllini tapacaq və əhalinin böyük bir əksəriyyəti ekoloji cəhətdən təmiz, saf içməli su ilə təchiz ediləcəkdir. Bir məsələni də qeyd etmək istəyirik ki, Gədəbəydən, Qəbələdən, Qaxdan və digər rayonlardan Bakının əksər ticarət mərkəzlərinə və marketlərinə ekoloji cəhətdən təmiz sular gətirilir. Artıq insanların bir çoxu həmin mağazalardan bu sulardan alıb istifadə edə bilir. Deməli, bir çox insanlar öz sağlamlıqları haqqında dərindən düşünür və bundan çıxış yolunu tapırlar.