Bir sıra rayonlara leysan yağıb, Qaxda gecədən başlayan sel hazırda davam edir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin iyunun 7-də saat 16:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub.
Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.
Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,2 metrə çatıb.
Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan MR-da 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.
09:44
Bir sıra rayonlara leysan yağıb, çaylardan sel keçir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasının bəzi yerlərində intensiv və güclü olub.
Leysan nəticəsində İsmayıllı rayonu ərazisindən keçən Göyçay çayından, Oğuz rayonundan keçən Əyriçaydan, Zaqatala rayonu ərazisindən keçən Muxax çayı və Talaçaydan, Qax rayonundan keçən Kürmükçaydan, Qəbələ rayonundan keçən Dəmiraparançaydan, Quba rayonu ərazisindən axan Vəlvələçaydan sel keçib.
Düşən yağıntının miqdarı Qaxda 156 mm (aylıq normanın 121 faizi), Qəbələdə 53 mm (aylıq normanın 47 faizi), Zaqatalada 48 mm (aylıq normanın 37 faizi), Şəkidə 37 mm (aylıq normanın 37 faizi), Balakəndə 27 mm (aylıq normanın 21 faizi), Şahdağda 23 mm (aylıq normanın 48 faizi), Oğuzda 23 mm (aylıq normanın 19 faizi), Altıağacda 16 mm (aylıq normanın 25 faizi), Qusarda 15 mm, Gədəbəy, Xaltanda 12 mm, Daşkəsən, Quba, Şəmkir, Şamaxı, Yevlax, Gəncə, Göygöl, Ağstafa, Ceyrançöl, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Tovuz, İsmayıllı, Qobustan, Pirallahı, Mingəçevirdə 5-10 mm-dək olub.
Ölkə ərazisində küləkli hava şəraiti də davam edib. İyunun 6-da şimal-qərb küləyi Naftalanda arabir 22, Neftçala, Mingəçevir, Şəki, Gəncə, Zaqatala, Balakəndə 20, Ağdamda 18, Sabirabad və Qaxda isə 17 m/s-dək güclənib.
Daşkəsən, Göygöl, Şəmkir, Quba, Qusar, Şahdağ, Altıağac, Balakən, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub.