“Digər klublar bizim uşaqlarla müqavilə bağlamaq istəyəndə onların həmin yerə uyğun olub-olmadıqlarını apardığımız təhlillərlə müəyyənləşdiririk”.
Oxu.Az xəbər veri ki, ASTA Futbol Akademiyası (Azerbaijan Sport Talents Academy) ilə İspaniyanın “Marset” Futbol Akademiyasının əməkdaşlığına həsr olunmuş mətbuat konfransında “Marset”in seleksiyaçı məşqçisi Ragel Marmol Felipe deyib.
O, hər bir oyunçu ilə həm fərdi, həm də kollektiv şəkildə çalışmalar apardıqlarını bildirib:
“Başqa klublardan akademiyamıza gələn idmançılarla bağlı təhlillər aparırıq, onlara gündə iki dəfə məşq keçirik. Hər bir oyunçunun qarşısına əvvəlcə makro və mikro hədəflər qoyuruq. Gənclərə fərdi və kollektiv məşqlər keçirik. Ona öz videolarını göstərib, birlikdə analiz aparırıq”.
İspaniyalı mütəxəssis Bakı barədə xoş fikirlər səsləndirib:
“Bakıya gəlməzdən əvvəl bura barədə bizi məlumatlandırmışdılar. Azərbaycan çox gözəl ölkə, Bakı müasir şəhərdir. Hələlik çox yeri gəzə bilməmişik. Amma gördüklərimiz bizdə xoş təəssürat yaradıb”.
Qeyd edək ki, ASTA və İspaniyanın “Marset” Futbol Akademiyasının əməkdaşlığı əsasında 15 azərbaycanlı uşaq bu klubda təlim keçəcəklər. Anlaşmanın maliyyə dəstəkçisi iş adamı, ASTA-nın sahibi Adnan Əhmədzadədir.