Cəmiyyət

Bayrağımızı sinəsinə sıxıb düşmənin üstünə tək gedən QƏHRƏMAN NATİQ – Hamı ondan danışır

21 yaşlı bir gənc təsəvvür edin. Arıq, cılız, qartal baxışlı, məğrur, baxanda yaşından bir az böyük görünən bir cavan oğlan. Bu yaşda oğullarına anaları qıymaz, balaca balam deyib əzizləyər. O da bir ananın balasıydı. Amma sanki şir südü əmmişdi, qorxu bilməz, ürəyinin alovu qollarına güc verən, düşmənlə 5 gün tək başına  ac-susuz savaşan, 23  nəfərin həyatını xilas etmək üçün təslim olub, aman bilməz vəhşilərin əlində parça-parça edilən Natiq Qasımov var idi bu ellərdə bir zaman. 30 il itkin sayılan, anasının gözlərini  yollarda qoyan Natiq. İndi qəhrəmanlığı əfsanə kimi danışılsa da, inanılmaz görünsə də belə bir oğul var idi.
Lent.az bir qəhrəmanın dastanını təqdim edir.
Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Əsgərliyə gedənə qədər kinomexanik işləyib. tay-tuşlarının dediyinə görə, mehriban,heç kimin qəlbinə dəyməyi sevməyən  oğlan imiş. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb, elə həmin il də könüllü olaraq  I Qarabağ müharibəsinə, vətən uğrunda savaşmağa gedib.
Ağdamda Yaqub Rzayevin  başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşə başlayıb.
1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.
Xocalı köçkünü, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfərin dedikləri:
“Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Ermənilər də onun orda tək vuruşduğuna inanmırlarmış, elə bilirlərmiş ki, bir rota döyüşür. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.
Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və beş gündür ki, ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hisdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı, çünki ermənilər sağ təslim olmasını istəyirdilər.  Razı olmadı ki, xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi. Bayrağı əlindən almaq istəsələr də, vermədi. Həmin vaxt bizi müşayiət edən rus jurnalistlər Natiqin şəklini çəkdilər. Düşmənlərin içinə əlində Azərbaycan bayrağı ilə gedirdi”.
Əsir düşdükdən sonra onun haqqında məlumat almaq mümkün olmur.
2019-cu ildə, Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan “ASASmedya” Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodların birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi barədə vəd verib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı olub. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi 31 il ərzində Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədib.
Lakin bu yaxınlarda Britaniyada Natiq haqqında çəkilmiş bir sənədli filmdə onun düşmənlər tərəfindən dindirildikdən sonra parça-parça doğranması haqqında ehtimallar səsləndirilib. Ermənilər isə Natiqin sadəcə yoxa çıxdığını qeyd ediblər.
Filmi Böyük Britaniyanın “Broken Pot Media” şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 
Ekran işində Birinci Qarabağ Müharibəsində iştirak edən general Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib: “Bu ad doğrudan da yadımda deyil. Ancaq bizim əsirimiz kimi qeydiyyata alınmış kiminsə sonradan yoxa çıxması qeyri-mümkündür. Məndə belə bir məlumat yoxdur”.
Natiqin özü gəlməsə də, xəbəri nəhayət gəlib çıxıb. Bu dünyada ölümdən də ağır şey itkin düşən, amansız, vəhşi düşmən əlində əsir olan bala yolu gözləməkdir. Natiqin anasının, doğmalarının bu illər ərzində nələr çəkdiyini söyləməyə sözün qüdrəti çatmaz.
Dursun ana oğlunun əsirlikdəki son şəkillərini görərkən göz yaşlarını tuta bilmir, layla çalırmış kimi göz yaşları içində şəkillərlə danışır
“Can ay bala, neçə gün ac qaldın, neçə gün o paltar əynindən çıxmadı, nə zülmlər çəkdin ay bala? Bu nə qismət idi sən yaşadın, kaş orda olaydım, pərvanə kimi başına dolanaydım…” 
30 il ərzində hər gün ürəyi atəş içində qovrulmuş ana yenə yanır, yenidən yanır.
Müharibədən heç kim sağ çıxmır. Qaliblərin də, məğlubların bir ömür boyu unudulmayacaq yaraları olur. Hər gün yenidən qanayan. Heç sağalmayan yaraları. 

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər