“Canavar mənim üçün maska deyildi, sanki tən yarım idi”.
Bu sözləri SizinZaman-a açıqlamasında İctimai Televiziyada yayımlanan “Maska” şousunun qalibi,2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova deyib.
Müğənni “Maska” şousuna qatılmasından bəhs edib:
“Qərarı layihə rəhbərlərindən aldım və buna çox sevindim. Çünki bu şounun pərəstişkarı idim. Azərbaycanda belə bir şounun keçirilməsini səbirsizliklə gözləyirdim. Orada iştirak edəcəyimi biləndə isə sevincimin həddi-hüdudu olmadı. Hələ də elə bilirəm ki, yuxudayam”.
Dilarə Kazımova “canavar” obrazını özünün seçdiyini qeyd edib:
“Mənə digər obrazlar da təklif olunmuşdu. Ümumiyyətlə, mənim heyvanlara olan sevgim hər kəsə məlumdur. Mən özüm canavar maskasını seçdim. O mənim üçün maska deyil, sanki tən yarımdır. Göstərmək istədiyim hər şeyi bu “Canavar”la etdim. Mən ona maska deyil, canlı kimi baxıram. Canavarın gözlərində qəribə enerji yatır”.
“Qalib olduğum üçün çox xoşbəxtəm. Müsabiqələrdə iştirak etmək məndə çox vaxt alınmırdı. Bəzi məqamlar olur, haqsızlıqlar hər zaman mənim bəxtimə düşür. Hələ də bunun real olduğuna inanmıram. Elə bilirəm, yuxudayam. İctimai Televiziyaya, başda rəhbərlik olmaqla bütün “Maska” komandasına, tamaşaçılara haqlı seçim etdikləri üçün təşəkkürümü bildirirəm”, – deyə D.Kazımova əlavə edib.
Xatırladaq ki, İctimai Televiziyada yayımlanan “Maska” şousunun qalibi ötən gün bəlli olub.
Qeyd edək ki, şounun ilk buraxılışı 2023-cü il dekabrın 10-da baş tutub. Şouda münsiflər kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva əyləşiblər.