Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində çimərlik ərazisinin hasarlandığı haqqında məlumat yayılıb.
Oxu.Az-a daxil olan yeni görüntülərə əsasən, bu gün səhər saatlarından etibarən sözügedən tikililər sökülür.
İcra Hakimiyyətindən verilən yenilənmiş məlumata görə, çimərlik ərazisində heç bir köşk, tikili və ya hasar olmayacaq.
11:54
Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində çimərlik hasarlanır.
Bununla bağlı Oxu.Az-a qəsəbə sakinləri məlumat veriblər. Sakinlər iddia edirlər ki, həmin ərazidə dənizin suyunun çəkilməsindən sonra qanunsuz hasarlama işləri aparılır.
Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon rəhbərliyindən Oxu.Az-a verilən açıqlamada isə iddialar təkzib edilib:
“Həmin ərazidə heç bir hasarlama işləri aparılmır. Sadəcə, qəsəbənin şəhid ailələrinin üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları tərəfindən yay mövsümündə ticarətlə məşğul olmaq üçün müvəqqəti olaraq taxtadan köşklər hazırlanır. Həmin köşklər mövsüm bitdikdə oradan götürüləcək”.
RİH-in məlumatında o da vurğulanıb ki, görüntülərdə əks olunan daşlar qumun altında olacaq və taxtaların bərkidilməsi üçündür:
“Bu hasar deyil, yolu düzəldirlər. Heç bir təməl betonlama işləri aparılmayıb. Köşklər Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin nəzarətində fəaliyyət göstərəcək”.