Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Ulu Öndər Heydər Əliyev uşaqların ən böyük himayədarı idi” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirzə Ələkbər Sabir adına Təzəkənd kənd uşaq bağçası körpələr evinin kollektivinin və balaca fidanlarının iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Rövşanə Əliyeva çıxış edərək, Ulu Öndərin uşaqlara göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə uşaqların hərtərəfli inkişafının təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda uşaqların sağlam, firavan böyüməsi onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu Dahi Lider daim uşaqlara qayğı və diqqət göstərib.
Təzəkənd kənd uşaq bağçası körpələr evinin direktoru Cəmilə Şıxəliyeva, musiqi rəhbəri Səxavət Həziyev və Mərkəzin elmi işçisi Ruhin Hüseynov çıxışlarında müstəqil Azərbaycan uşaqlarının diqqət və qayğı ilə əhatə olunduqlarını diqqətə çatdırıblar. Bildirilib ki, bu gün Hətta regionlarda ən ucqar kəndlərdə də, uşaq bağçaları fəaliyyət göstərir. Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir”-müdrik kəlamı Ümummilli Liderin uşaqlara olan məhəbbətinin təzahürü idi.
Sonda uşaqlar Heydər Əliyevin uşaqlıq və gənclik illərini əhatə edən eksponatlarla yaxından tanış olub, Dahi Liderə həsr olunmuş şeirlər söyləyiblər.


