2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.
Akademik Zərifə Əliyeva alim kimi təkcə Vətəni Azərbaycanda deyil, dünya miqyasında tanınıb, onun tibb elminə verdiyi töhfələr bir çox dünya ölkələrində təqdir edilib. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, sanballı elmi tədqiqatların müəllifi olan Zərifə xanım Əliyeva tibb elmi üçün hadisə sayılacaq fundamental elmi araşdırmaları ilə Azərbaycanı dünya miqyasında şərəfləndirən və tanıdan nadir alimlərimizdəndir. Bu qayğıkeş və nurlu insanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. Onun Azərbaycanda geniş yayılmış göz xəstəliklərindən traxomanın, həmçinin digər göz xəstəliklərinin öyrənilməsi istiqamətindəki fəaliyyəti danılmazdır. Bu sahədə apardığı araşdırmalar, müşahidələrin nəticəsi olaraq irəli sürdüyü effektli müalicə metodları bu gün də oftalmologiyada tətbiq edilir, ilbəil təkmilləşdirilir. Bir həkim kimi Zərifə xanım tibbimizin bu sahəsinin inkişafına böyük təkan verib.

Azərbaycan elminin inkişafında müstəsna xidmətlər göstərmiş akademik Zərifə xanım həm də xilaskarlıq rəmzimiz olan, xalqa atalıq missiyasını şərəflə yerinə yetirərək ümummilli lider statusu qazanmış Heydər Əliyevin ömür-gün yoldaşı olub.


“Sizin Zaman” komandası təbriklərə qoşulur.