“Marketdə alıcıya təklif olunan günəbaxan yağı ilə badımcanın bir yerdə fotosu zarafatla çəkilib”.
Bunu Qaynarinfo-ya açıqlamasında marketinq eksperti Pərviz Əzimov sosial şəbəkələrdə günəbaxan yağının üstündə badımcanın hədiyyə olunması ilə bağlı fotodan danışarkən deyib. O bildirib ki, həmin hədiyyənin satışa hazır tərəfi yoxdur:

“Bütün dünyada olduğu kimi Azərbaycanda da marketlərdə məhsul satışı zamanı onların paketlənməsi, ikili hədiyyə kimi satılması ənənəsi var. Bir məhsulun yanında ikinci məhsulu ya hədiyyə edirlər, ya da endirimlə təklif olunur. Burada əsas məqam hədiyyə və ya üzərində təklif olunan məhsul bir-birini tamamlamasıdır. Məsələn, çayın yanında stəkan, yaxud da fincan hədiyyə olunur. Onların tamamlanması ona görə vacibdir ki, alıcı ondan razı olsun. Kərə yağının üstündə ona heç bir aidiyyatı olmayan bir məshul təklif edilsə, bu alıcı üçün maraqlı və cəlbedici olmayacaq”.

Pərviz Əzimov deyir ki, günəbaxan yağı ilə badımcan bir-birini tamamlamır:
“Bu təklif nümunədə rast gəlinməyən hallardır. Fotoda diqqət çəkən daha bir məqam var. Alıcıya hədiyyə kimi təklif olunan məhsulun üzərində vergi tanınması üçün nömrə olmalıdır. Badımcanın üstündə belə bir yazı yoxdur. Odur ki, foto marketdə zarafatla çəkilib”.