Siyasət

Sahibə Qafarova: “Bu il azad edilmiş ərazilərdə yenidənqurma işlərinə 1,7 milyard dollar ayrılacaq”

“Bu il azad edilmiş ərazilərdə yenidənqurma işlərinə 1,7 milyard dollar ayrılacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövzusunda keçirilən 12-ci plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, torpaqlarımızın Ermənistanın işğalından azad olunmasından dərhal sonra başladılmış genişmiqyaslı quruculuq işləri sürətlə davam edir.

“2021-2022-ci illərdə bu işlərə təxminən 4 milyard ABŞ dollarına yaxın vəsait xərclənib. Bu il isə yenidənqurma işlərinə ən azı 1.7 milyard ABŞ dolları ayrılacaq”, – spiker qeyd edib.

O xatırladıb ki, ötən ilin oktyabrında Azərbaycan və Türkiyə Prezidentləri işğaldan azad edilmiş torpaqlardakı ikinci beynəlxalq hava limanı olan Zəngilan hava limanının açılışında birgə iştirak etdilər. Hazırda Laçında üçüncü beynəlxalq hava limanının tikintisi davam edir. Artıq məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması prosesinə start verilib və bu proses getdikcə daha böyük vüsət almaqdadır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan tərəfindən basdırılmış 1 milyondan artıq mina hələ də görülən işlərə ciddi maneə törətməkdədir. İkinci Qarabağ Müharibəsindən sonra mina partlayışları nəticəsində 300-ə yaxın vətəndaşımız həlak olub və yaralanıb.

Spiker bildirib ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üzrə səylərini davam etdirir. Təəssüf ki, Ermənistan ötən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən qəbul etməsinə baxmayaraq, hələ də danışıqlar masasına qayıtmaqdan yayınır, yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hərbi təxribatlar törətməyə davam edir.

Milli Məclisin sədri əlavə edib ki, Azərbaycan bu təxribatların qarşısını almaq məqsədilə Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis edib. Bu, Azərbaycanın öz suveren ərazisinə münasibətdə qəbul etdiyi və bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğun legitim qərarıdır. Heç kim buna müdaxilə edə bilməz.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,