“İranın Azərbaycana qarşı fəaliyyət göstərən iki şəxsi saxlaması müsbət addım idi. Bakı ilə Tehran arasında səngiməkdə olan gərginlik daha da azalacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyev Tehranın Azərbaycan əleyhinə fəaliyyət göstərən iki şəxsi həbs etməsini şərh edərkən deyib.
Arif Əliyev hesab edir ki, iki ölkə arasında gərginlik səngiməkdə davam edəcək:
“Onlar Azərbaycan vətəndaşlarıdırsa, İran sözsüz ki, təhvil verəcək. Ola bilsin ki, bu, Azərbaycanın İrandakı səfirliyində baş vermiş terror aktı ilə bağlıdırlar. İstisna etmirəm ki, saxlanılanların digər ölkələrin xüsusi xidmət orqanları ilə əlaqələri üzə çıxacaq. Ona görə də hələlik bu barədə danışmaq tezdir.
Bu hadisə göstərir ki, son zaman iki tərəf arasında baş tutan təmaslar, telefon danışıqları, görüşlər sıradan bir məsələ deyilmiş. Ehtimal ki, iki ölkə arasında gərginlik səngiməkdə davam edəcək. Son günlər prosesdə əvvəlki şiddəti müşahidə etmirik, səngimə hiss olunur. Baxmayaraq ki, problemlər qalmaqdadır və qalacaq. Bunu bilməli və hazır olmalıyıq. Bir sözlə, həmin şəxslərin saxlanılması informasiya qarşıdurmasında müəyyən dönüşün baş verməsinə rəvac verə bilər”.
Qeyd edək ki, Tehran rejiminə bağlı “Azəriha” saytının yazdığına görə, Azərbaycan dövlətinin əleyhinə iş aparan, onun süqutuna çalışan, yerində “Kərimə” adlı qondarma “dövlət” təsis etmək istəyən şəxslər İranda həbs edilib. Tutulanlar Orxan Məmmədov və Tohid İbrahimbəylidir. Bu iki şəxs internet resurslarında Azərbaycana qarşı düşmənçililk toxumu səpməklə məşğul olublar.