“Qarabağ separatçılarının “hərbi hazırlıq” görüntülərini yaymaları heç bir perspektivi olmayan hərəkətdir. Amma onların bu fonda hansısa təxribata gedəcəkləri qaçılmazdır. Bu da yaxınlaşan Vaşinqton görüşü ilə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycanın Ermənistanla sərhəddə nəzarət-keçid məntəqəsi qurmasından sonra Qarabağ separatçılarının “hərbi hazırlıq” görüntülərinin yayılmasına münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, seperatçılar guya Azərbaycana təzyiq göstərmək üçün müəyyən addımlar ata bilərlər:
“Vaşinqton görüşü Moskvanı qane etmir. Ona görə də Kreml əlindən gləni edəcək ki, həmin görüşə xələl gətirsin və tərəflər arasında hər hansı bir yaxınlaşma olmasın. Bu əsasda da separatçılar tərəfindən növbəti təxribatların olması gözləniləndir. Yəni onlar Azərbaycana guya təzyiq göstərmək üçün sözsüz ki, müəyyən addımlar atacaqlar. Amma onun hansısa nəticə verəcəyini düşünmürəm. Çünki Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratmaqla hər şeyi nəzarət altında saxlayır. Belədə ermənilərin nə etməsinin heç bir perspektivi yoxdur. Azərbaycan Ordusunun imkanları yetərincədir. Əvvəlkindən qat-qat güclü komanda hərbi hissələri yaradılıb”.
Ekspertə bildirir ki, Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılmasının ardını gətirməlidir:
“Bununla kifayətlənməməliyik. Kifayətlənsək, separatçılar bəzi hoqqalar çıxaracaq, tələblər irəli sürəcəklər”.