Türkiyəli aktrisa Neslihan Atagül və həyat yoldaşı, aktyor Kadir Doğulu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə tələbələr, müəllimlər və media nümayəndələri iştirak edirlər. Cütlük görüş zamanı Azərbaycana səfərləri zamanı Bakını gəzdiklərini bildiriblər.
N. Atagül bildirib ki, daha əvvəl də burada olublar, lakin bu qədər gəzə bilməyiblər: “4-5 il əvvəl gəlmişdim. O zaman da bizi çox gözəl qarşılamışdılar. Lakin həmin vaxt bu qədər gəzmək və şəhəri kəşf etmək imkanım olmamışdı. Bu dəfə isə daha çox gəzib, daha çox yerləri görə bildik”.
K. Doğulu isə qeyd edib ki, iki-üç gün ərzində qonaqpərvərliyin şahidi olub: “Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya böyük təşəkkürümüzü bildiririk. Bizi burada çox yaxşı qarşıladılar və qonaq etdilər. Buranın mədəniyyəti haqqında məlumatımız var idi. Lakin ölkəyə gələndə bununla bağlı araşdırma da apardıq. Buna görə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gəlmək istədik. Siz bizi bir aktyor olaraq görürsünüz. Amma biz eyni zamanda mədəniyyətin təmsilçiləriyik”.
Hüseyn Məmmədsalahov
Fotolar: Müzəffər İsmayılov