Astarada meyiti tapılan şəxslə bağlı bəzi məlumatlar açıqlanıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, meyiti tapılan Eynəli Əzizov Həzi Sovqatov adına Şümrüd kənd tam orta məktəbində texnologiya fənni üzrə müəllim işləyib.
O, həmçinin sahibkarlıqla məşğul olub. Onun kənddə çox sayda mal-qarası və marketi olub. Bir neçə il bundan əvvəl kəndin bələdiyyə sədri vəzifəsində də çalışıb.
Sakinlər mərhumun heç kimlə ədavətinin olmadığını bildiriblər.
Qeyd edək ki, Eynəli Əzizovun meyiti bu gün səhər Astarada Şümrüd kəndində meşə massivinə daxil olan ərazidə tapılıb. Onun balta ilə baş nahiyəsinin arxa hissəsinə vurulan zərbələrlə qətlə yetirildiyi deyilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
14:16
Astara rayonunda iki gün əvvəl itkin düşən 54 yaşlı kişinin meyiti tapılıb.
APA-nın məlumatına görə, Astara rayonunun Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizovun meyitinin bu gün rayon ərazisində aşkarlandığı bildirilir.
Onun hansı səbəbdən öldüyü məlum deyil.
Faktla bağlı araşdırma aparılır.