Füzuli rayon Əhmədbəyli bələdiyyəsi rayon sakini Taleh Qasımovun bələdiyyənin rəhbərliyi barəsində səsləndirdiyi ittihamlara cavab verib.
“Qafqazinfo” xəbər verir ki, bələdiyyənin açıqlamasında qeyd edilib ki, T.Qasımov ictimai nəzarət adı altında mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yalan, böhtan və şər xarakterli müraciətlər ünvanlayır:
“Taleh Qasımov “DOST İŞ Mərkəzi” MMC-də işləməsinə baxmayaraq, müxtəlif vaxtlarda şəxsi maraqları üçün araşdırmalar aparmağa çalışıb və həmin vaxtlar işdə olmayıb. Maraqlıdır ki, həmin dövrdə Taleh Qasımov işdə olmasa da, ona “DOST İŞ Mərkəzi” MMC tərəfindən əməkhaqqı verilib. Belə görünür ki, T.Qasımov MMC-ni yalan və böhtan xarakterli müraciətlərlə hədələyir.
Əlavə olaraq, T.Qasımov 25.10.1996-cı il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 178.2 (dələduzluq), 179 (mənimsəmə və ya israf etmə), 38 (son zərurət) və 46-cı (müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə) maddələri ilə bilə-bilə yalan xəbərçilik etdiyinə və ifadə verdiyinə görə məhkum olunub.
Bu cür hərəkətlərin davamı olaraq, 03.05.2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsi tərəfindən Əhmədbəyli bələdiyyəsinin sədri barəsində yaydığı məlumatlar, o cümlədən “bələdiyyə sədri Fərhad Səfərov özünü şəhid ailəsi kimi təqdim edərək vəzifə səlahiyyətlərindən sui-istifadə edir” və “bələdiyyə sədri F.Səfərov Füzuli rayon Vergilər şöbəsinə saxta arayış təqdim edib” ifadələri həqiqətə uyğun olmayan məlumatlar hesab edilib və həmin məlumatların yazılı şəkildə təkzib edilməsi vəzifəsi Taleh Qasımovun üzərinə qoyulub. Bundan başqa məhkəmə Taleh Qasımovdan mənəvi zərərin əvəzi olaraq 500 manat tutularaq iddiaçı Fərhad Səfərova ödənilməsi barədə qərar qəbul edib.